Martın 15-də Azərbaycan futbolunun flaqmanı sayılan “Neftçi”-nin yarımmüdafiəçisi və 4-cü İslam Həmrəyliyi Oyunlarının səfiri Ruslan Abışovun rəhbərliyi altında xüsusi master-klass keçirilib.
Sportal.az xəbər verir ki, gənc futbolçuları və Azərbaycan futbolunun gələcəyini dəstəkləyən “Səbail” klubu bu tədbirə ev sahibliyi edib və doğma meydanı – “Bayıl Arena”nı təlim iştirakçılarının ixtiyarına verib. Təlimin yüksək səviyyədə təşkil olunmasına xüsusi həssaslıqla yanaşan “Səbail” bu cür tədbirlərə hər zaman dəstək olduğunu və olacağını bildirib.
Master-klassa əsasən “Vətən” və “Leon” klublarının 12-15 yaş kateqoriyasından olan azyaşlı və gənc futbolçuları qatılıblar. İki saata yaxın davam edən tədbirdə Ruslan Abışov yaşıl meydanda qazandığı təcrübəsini uşaqlarla bölüşüb. Təlim zamanı iştirakçıların hər biri ilə ayrı-ayrılıqda məşğul olan Ruslan Abışov əvvəlcə onlarla birlikdə isinmə hərəkətləri edib. Daha sonra iştirakçılara oyunun gedişatı zamanı müxtəlif vəziyyətlərdə istifadə edə biləcəkləri xüsusi taktikalar öyrədib. Təlimin sonunda tanınmış futbolçu uşaqlara sertifikatlar təqdim edib.
İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq Ruslan bu cür pulsuz təlimlərin təşkil olunmasını təqdir edib və bildirib ki, Azərbaycan futbolunun gələcəyi məhz bu uşaqlardan başlayır. Milli futbolumuzun gələcəyi üçün isə o bir futbolçu və vətəndaş kimi əlindən gələn köməyi etməyə hər zaman hazırdır.
Qeyd edək ki, bundan öncə İslam Həmrəyliyi Oyunlarının səfirlərindən - cüdoçular Elmar Qasımov, Rüstəm Orucov, eləcə də güləşçimiz Hacı Əliyev öz idman sahələrinə uyğun master-klasslar təşkil etmişdilər və bu təlimləri Azərbaycan xalqına mənəvi təşəkkür kimi dəyərləndirmişdilər.
saytlarin hazirlanmasi