"Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düşünürəm ki, bu yığmanı seçməklə düzgün qərar qəbul etmişəm".
Sportal.az xəbər verir ki, bu sözlər millimizdə oynamağa razılıq verən Almaniyanın 17 yaşlılardan ibarət millisinin sabiq üzvü Renat Dadaşova məxsusdur.
"CBC Sport"a açıqlama verən "Ayntraxt"ın 19 yaşlılardan ibarət komandasının üzvü millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirəcəyi oyuna da toxunub. Qarşılaşmada millimizin heyətində debüt etmək şansı olan Renat, sevinc hissləri yaşadığını, komandada zədəli oyunçuların olmasına rəğmən, yaxşı nəticə əldə etmək üçün şanlarının olduğunu deyib:
"Almaniyaya qarşı keçirəcəyimiz oyun gününü səbrsizliklə gözləyirəm. Fikrimcə, öz oyunumuzu oynasaq, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək".
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi