“Bakıda sanki Almaniya həftəsi elan olunub. Azarkeşlər arasında oyuna böyük marağın olması məni heyrətləndirir”.
Sportal.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Dmitri Nazarova məxsusdur. “Aue” klubunun futbolçusu DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirəcəkləri oyundan öncə “ReiverSport”un suallarını cavablandırıb.
O, Bundestimlə oyunda qələbə qazanmaq istədiklərini deyib: “Futbolda istənilən nəticə əldə etmək olar. Bu oyunu əvvəlcədən itirmiş kimi qəbul etmirik. Almaniyanı məğlub etmək niyyətindəyik. İtirəcəyimiz heç nə olmadığı üçün hücum futbolu oynayacağıq. Məncə, Almaniyanı başıaşağı yola sala bilərik”.
Nazarov yığmamızın sabiq baş məşqçisi Berti Foqtsla hazırkı məşqçi Robert Prosineçkini fərqləndirib: “Düşünürəm ki, Berti Foqts bu komandanın təməlini qoyub və Prosineçki də onun yolunu davam etdirir. Fərq ondadır ki, Prosineçki müasir futbolun tərəfdarıdır və onun komandası topla oynamağa daha çox üstünlük verməlidir”.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi