Azərbaycan yığması sabah DÇ-2018-in seçmə mərhələsində Almaniya millisini qəbul edəcək.
Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl millimizin kapitanı Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib:
- Qrupda növbəti oyuna çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Dünyanın ən güclü komandasıdı. Əlavə nəsə danışmağa ehtiyac yoxdu. Hər zaman olduğu kimi oyuna ciddi yanaşırıq. Həm çalışacağıq ki, maraqlı oyun olsun, həm də nəticə qazanaq. Rəqibdən rəqibə də fərq var. Almaniya isə həm atletik, həm texniki cəhətdən yaxşı oynayır. Kiçik səhvi belə bağışlamırlar. Əslində çox danışmaq yox, meydanda oyunumuzu göstərməliyik.
- Oyuna bütün biletlər satılıb. Bunun komandanın motivasiyasına təsiri necə olacaq?
- Bu bizə əlavə stimuldu. Futbolçularla da öz aramızda danışmışıq. Belə oyunlar üçün darıxmışdıq. Bizim üçün bir fürsətdi. Özümüzü yaxşı tərəfdən göstərməliyik.
- "Bild" nəşri yazıb ki, Renat Dadaşova millimizdə oynamaq üçün 1 milyon dollar verilib. Sizcə, bu yığmanın düşərgəsində çaxnaşma yaratmaq üçün bir addım deyildi?
- Düşünmürəm ki, kimsə bizim düşərgədə çaxnaşma yaratmaq istəyir. Jurnalistdi, yazır. Bu təsdiqini tapmamış xəbərdi, yalan məlumatdı. Renat istedadlı futbolçudu. Bəlkə də kiminsə ondan xoşu gəlmir, ləkələmək istəyir. Özünün də dediyi kimi, vətənə olan sevgisindən Azərbaycan millisini seçib..