Yaşar Vahabzadə: “Onları dəvət etmək üçün Prosineçkinin razılığı olmalı idi” MÜSAHİBƏ

13:56 - 3 May 2017

İslam Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə bu gün mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, ilk öncə hazırlıq barədə məlumat verib:

 

- Ayın 1-dən təlim-məşq toplanışına başlamışıq. Daha əvvəl 3-4 günlük hazırlıq proseslərimiz olub. O zaman da, indi də tam heyətlə çalışa bilmirik. Gündə 2 dəfə məşq keçirik. Komanda yarışın məsuliyyətni dərk edir. Ona görə də ciddi hazırlaşırıq. Əsas problem 7 futbolçunun komanda ilə birgə olmamasıdır. “Qarabağ” və “Qəbələ”nin futbolçuları ayın 6-da, kubokun finalından sonra komandaya qoşulacaqlar.

 

- Bu turnirdə sizi hansı nəticə qane edəcək?

- İlk növbədə yaxşı oyun göstərməliyik. Mətbuatdan oxuyuruq ki, bütün biletlər satılıb. Azarkeşlərin dəstəyini hiss etmək yaxşı olacaq. Əsas məqsədimiz qrupdan çıxmaqdır. Sonrasına baxacağıq.

 

- Kamran Ağayevin millidən kənarda qalması nədən irəli gəlirdi?

- Millinin oyunçularını dəvət etmək üçün ilk növbədə Robert Prosineçkinin razılığı olmalıdı idi. Çünki yığmanı qarşıda Şimali İrlandiya ilə çətin oyun gözləyir. Mən əsas millidən daha çox futbolçu götürmək istərdim. Amma yığmanın hazırlığını nəzərə alaraq, Kamran da daxil olmaqla bəzi oyunçulara dəvət göndərmədik.

 

- Ruslan Abışovu yığmaya cəlb etməyinizdə onun ulduzlu səfir olmasının nə dərəcə rolu var?

- Onun ulduzlu səfir olmağının seçimimdə heç bir rolu yoxdur. Müdafiədə lider oyunçuya ehtiyacımız var. Ona görə də Ruslana dəvət göndərdik.

 

- “Qarabağ” və “Qəbələ”nin toplanışa gec qoşulması işinizi nə dərəcədə çətinləşdirəcək?

- Problem olacaq. Amma inanıram ki, yığmaya hazır vəziyyətdə qoşulacaqlar. “Qəbələ” və “Qarabağ”dan gələn futbolçular həm təcrübəlidirlər, həm də oyun praktikaları var. Rəşad Sadiqovun təcrübəsinə güvənirəm.

 

- Bildirdiniz ki, hər mövqedə 1 lider futbolçu olmalıdır. Olmazdı ki, hücum xəttində Rauf Əliyevə dəvət göndərəsiniz?

- 3 yaşlı futbolçu seçə bilərdim. Mirabdulla Abbasov, Mahir Mədətov kimi komandamızda gənc hücumçular var. Onlara dəvət göndərdik. Dediyim kimi, imkanım olsaydı, daha çox təcrübəlini yığmaya dəvət edərdim.

 

- Qrupdakı rəqibləri necə dəyərləndirərdiz və ilk oyunun Kameruna qarşı olmasını əlavə çətinlik saymaq olar?

- Rəqib komandaların oyunlarını izləmişik. Adlara görə çətin qrupa düşmüşük. İlk matçlar həmişə çətin keçir, həyəcan olur. Komanda adətən oyundan-oyuna artırır. Mayın 5-də Kamerun “Sumqayıt”la yoxlama oyunu keçirəcək. Həmin görüşü də stadiondan izləyəcəm.

 

- Rəqiblər haqda hansı məlumatları toplamısız?

- Heyətdəki adlar bizə heç nə demir. Kamerunun heyətində “Monako”, “Kayzerslautern”in futbolçularının olduğu deyilirdi. İlk turda Mərakeş və Səudiyyə Ərəbistanının da nəyə qadir olduğunu biləcəyik (futbolxeber.az).

Xəbər xətti