UEFA Avropa Liqasında 2017/17 mövsümü başa çatıb. Turnirin qalibi finalda “Ayaks”ı 2:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” olub.
Avropa Liqasında çıxış edən Azərbaycan klubları – “Qəbələ” və “Qarabağ” isə mübarizəni qrup mərhələsində dayandırıblar.
Sportal.az xəbər verir ki, turnirin bombardirləri hərəyə 8 qol vuran Julyano (“Zenit”) və Edin Ceko (“Roma”) olublar. Ən çox məhsuldar ötürmə edən futbolçu da Julyano olub (6 assist). "Genk"in futbolçusu Alexandro Pozuelo 5 məhsuldar ötürmə ilə 2-ci olub. "Qarabağ"ın futbolçusu Dani Kintana 3 məhsuldar ötürmə ilə siyahıda yer alıb.
Ən yaxşı ötürmə dəqiqliyi “Mançester Yunayted”in futbolçusu Pol Poqbaya məxsusdur. Fransalı futbolçu 990 ötürmənin 863-də dəqiq oynayıb (87 faiz). 2-ci yerdə onun komanda yoldaşı Ander Herrera olub. İspaniyalı yarımmüdafiəçi 643 ötürmə edib və 583-də müvəffəqiyyətli olub (91 faiz).
Təmsilçilərimizdən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda da siyahıda yer alıb. Braziliyalı futbolçu 423 ötürmə verib və 377-də dəqiq oynayıb (89 faiz). Almeyda siyahıda Yuri Tilemans (“Anderlext” / “Monako”), Maykl Kerrik (“Mançester Yunayted”), Milan Badel (“Fiorentina”), Raca Naynqolan (“Roma”), Maruan Fellaini (“Mançester Yunayted”), Bruno Peres (“Roma”) kimi futbolçuları qabaqlayıb.
Turnirdə ən çox uğurlu driblinq edən futbolçu “Ayaks”ın futbolçusu Amin Yunis olub. Yunis hər oyun orta hesabla 5,1 uğurlu keçid edib. Siyahıda “Qarabağ”ın ispaniyalı legioneri Dani Kintana da yer alıb. Kintana isə hər oyun orta hesabla 2,5 uğurlu driblinqlə yadda qalıb. İspaniyalı futbolçu bu göstəriciyə görə 10-cu olub.
Avropa Liqasında cari mövsüm üçün ən çox hücum təşkil edən komanda “Ayaks” olub. Hollandiya klubu hər oyun orta hesabla 16,13 hücum təşkil edib. 2-ci yerdə “Mançester Yunayted olub (14,27).
Təmsilçilərimizdən “Qarabağ” turnirdə ümumilikdə 63 hücum təşkil edib (hər oyun orta hesabla 10,5). “Qəbələ”də isə bu göstərici 54-dür (hər oyun orta hesabla 9).
saytlarin hazirlanmasi