Zidan: "Nə edəcəyimi bilirəm"

19:24 - 30 May 2017

"Yuventus"la oyun üçün hazırlıqlarımız davam edir. Final oyununa ciddi şəkildə hazırlaşırıq".

 

Sportal.az xəbər verir ki, bu sözlər Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidana məxsusdur. Bu gün mətbuat konfransı keçirən fransalı çalışdırıcı iyunun 3-də Çempionlar Liqasının finalında "Yuventus"a qarşı keçirəcəkləri oyundan söz açıb. O, finalın favoriti olmadıqlarını dilə gətirib:

 

"Əlbəttə, biz ciddi hazırlaşırıq, futbolçularım məsuliyyəti dərk edirlər. Çoxları finalın favoriti kimi "Real"ı göstərsə də, bununla razı deyiləm. Məncə, şanslar bərabərdir. Hər birimizin istəyi finalda möhtəşəm oyun sərgiləməkdir. "Yuventus"un az qol buraxması məsələsinə gəlincə, finallar həmişə fərqli olur. Hər iki komanda finalda bir neçə qol vura bilər". 

 

Zidan zədəli futbolçu Qaret Beylin durumundan danışıb:

 

"Beyl bizimlədir. O, zədəsini sağaltdığı üçün özünü xoşbəxt hiss edir. Amma ona finalda şans verib-verməyəcəyimi açıqlaya bilmərəm. İsko, yoxsa Beyl? Əsəs heyətdə Beylin, yoxsa İskonun oynayacağını deməyəcəm. Bu çətin qərar olacaq. Mən sifariş ərizəsi üçün 22 oyunçu seçməliyəm. Ola bilər ki, bəzi futbolçuların adı bu siyahıda yer almasın. Nə edəcəyimi bilirəm. Amma qərarımı söyləməyəcəm. Beyl və İskonun eyni vaxtda meydanda olması mümkündür. Son mövsüm  belə hallar olur".

 

Fransız çalışdırıcı komandadan gedəcəyi gündəmdə kolumbiyalı Xames Rodrigezdən söz açıb:

 

"Əlbəttə Xamesin meydanda daha çox oynamasını mən də istəyərəm. O meydanda daha çox oynamaq istəyən bir oyunçudur, bu normaldır. Ancaq start heyətlə bağlı seçimləri mən edirəm".

Xəbər xətti