Robert Prosineçki: “Seçmə mərhələnin sonuna qədər vəzifəmi icra edəcəyəm”

14:04 - 13 İyun 2017

“Məlumat üçün bildirirəm ki, oyundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. AFFA rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun barədə fikirlərimi ətraflı bildirdim. Eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur".

 

Sportal.az xəbər verir ki, bu sözlər milli komandamızın baş məşqçisi Robert Prosiençki deyib. Xorvatiyalı mütəxəssis DÇ-2018-nin seçmə mərhələsində Şimali İrlandiya yığması ilə oyundan sonra assosiasiya rəhbərliyi ilə görüşündən danışıb: "Çox şadam ki, AFFA rəhbərliyi işimdən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. Bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da var gücümüzlə çalışmağa səy göstərəcəyik".

 

Prosineçki son günlərdə bəzi mətbuatda yayılan məlumatlara, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə əlaqədar fikirlərini bildirməklə məsələyə son qoyub:

 

"Bildirmək istərdim ki, bu hər bir işçi üçün normal haldı. Bu onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən də son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hal-hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəm. Püşkə uyğun olaraq isə Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacam. Avqust ayında isə Azərbaycana dönəcəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.

 

Xatırladaq ki, Prosineçkinin AFFA ilə müqaviləsi cari ilin dekabr ayının 4-də başa çatır.

Xəbər xətti