"Zirə"nin potensial rəqibinin baş məşqçisi: "Komandamızda problemlər var"

14:18 - 21 İyun 2017

"Astra"nın Avropa Liqasının II təsnifat mərhələsinin favoriti olması normaldır. Ancaq mən belə hesab etmirəm. Aşkar favorit olmaq üçün komandamızı gücləndirməliyik".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Astra" klubunun baş məşqçisi Eduard Yordaneskuya məxsusdur. "Astra" Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Zirə"nin potensial rəqibidir. Əgər "Zirə" Lüksemburuqun "Differdanj" klubunu üstəyə bilsə, II təsnifat mərhələsində "Astra" ilə üz-üzə gələcək. 

 

Ölkəsinin mətbuatına açıqlama verən mütəxəssis komandasının son durumundan danışıb. 39 yaşlı çalışdırıcı komandasında bəzi problemlər olduğunu deyib:

 

"Nəyisə gizlətmək məcburiyyətində deyiləm. Hazırda komandamızda problemlər var. Potensial rəqiblərimizin öz aralarındakı oyunlarıl izlədikdən sonra buna uyğun plan quracağıq. Düşünürəm ki, ideal vəziyyətdə deyilik, bir neçə oyunçu komandamızı tərk edib. Onların yerini doldura bilsək, uğur qazanacağıq. Hazırda Sloveniyada toplanışdayıq və düşərgəmizdə 16-17 futbolçu var. Klub rəhbərliyi heyəti gücləndirəcəyi ilə bağlı mənə söz verib. Tələblərim çox yüksəkdir. Rumıniyanın ən yaxşı komandaları sırasında olmaq istəyirik”.

 

Qeyd edək ki, "Zirə" Avroliqanın I təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə üz-üzə gələcək. İlk oyun iyunun 29-da evdə, cavab görüşü iyulun 6-da səfərdə olacaq. Bu cütün qalibi isə II təsnifat mərhələsində "Astra”ya rəqib olacaq.

Xəbər xətti