"Zirə"ni gözləyən rəqib əsas heyət üzvünü Türkiyə klubuna satdı

14:11 - 22 İyun 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə”nin ikinci təsnifat mərhələsindəki potensial rəqibi olan Rumıniyanın “Astra” klubunu daha bir futbolçu tərk edib.

 

Sportal.az xəbər verir ki, söhbət əsas qapıçı Silviu Lunqdan gedir. 28 yaşlı futbolçu Türkiyənin “Kayserispor” klubu ilə 3 illik müqavilə imzalayıb. “Kayserispor” bu transferə görə Rumıniya klubuna 350 min avro ödəyib.

 

Qeyd edək ki, “Zirə” Lüksemburqun “Differdanj” klubunu keçəcəyi təqdirdə, II təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq. Ancaq “Astra”nın vəziyyəti yaxşı deyil. İyunun 7-dən hazırlığa başlayan "Astra"nın heyətində cəmi 16 futbolçu yer alıb. Yeni baş məşqçi Yardenesku bu durumda nəinki Avropa Liqasında uğurlu çıxış etməyin, hətta liqada qalmağın mümkün olmayacağını ifadə edib.

Xəbər xətti