"Mladost" çox yaxşı komandadır. Luçani təmsilçisinin mərhələ keçmək üçün şansı var"
Sportal.az xəbər verir ki, bu sözlər mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılan serbiyalı qapıçı Boyan Şaranova məxsusdur. Təcrübəli "çərçivə qoruyucusu" ölkəsinin mətbuatına verdiyi açıqlamada Avropa Liasının birinci təsnifat mərhələsində üz-üzə gələcək "İnter" - "Mladost" cütünün şanslarını dəyərləndirib:
"Mən "Mladost"u cütün favoriti görürəm. Mərhələ keçmək üçün komandamızın əlinə yaxşı imkan düşüb. "İnter" Azərbaycanda "Qarabağ" və "Qəbələ"dən sonra ən güclü klublardan biridir. Amma hazırda komandanın durumu yaxşı deyil, maliyyə vəziyyətləri aşağıdır. Bildiyimə görə, "İnter" transfer qadağasına görə heyətini də gücləndirə bilməyib. "Mladost"da isə vəziyyət fərqlidir, komandanın yaxşı büdcəsi var. Həm də rəqibdən daha təcrübəlidir. Bütün bu səbəblərə görə "Mladost"u üstün sayıram".
Təcrübəli əlcək sahibi Bakıdakı isti havanın "Mladost"un oyununa təsir edəcəyini düşünür: "İnter" ev oyunlarını süni örtüklü meydanda keçirir. Həm bu amil, həm də Bakıdakı isti hava "Mladost" üçün çətinlik yarada bilər. Amma komandamızın baş məşqçisi Nenad Milovanovic çox təcrübəlidir və ümid edirəm ki, komandasını bu duruma uyğun hazırlaşdıracaq".
saytlarin hazirlanmasi