Nenad Milovanoviç: "Futbol oynamaq həvəsi, vətənpərvərlik "İnter"in qələbəsində böyük rol oynadı"

00:27 - 7 İyul 2017

“İnter”i növbəti mərhələyə keçdiklərinə görə təbrik edirəm”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Serbiyanın “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviçə məxsusdur.

 

Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Bakının “İnter” klubuna məğlub olub və mübarizəni dayandırıb.

 

Çalışdırıcı oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bildirib: “Oyun haqda onu deyə bilərəm ki, ilk oyundakı ssenar təkrarlandı. Topa daha çox sahib olsaq da, “İnter” standart vəziyyətlərdən faydalandı. Denis Silvanın standart vəziyyətlərdən yaxşı faydalandığını bilsək də, qarşısını ala bilmədik”.

 

Mütəxəssis oyunun planlaşdırdıqları kimi keçmədiyini deyib: “Oyun zamanı futbolçumuz zədələndiyi üçün məcburi əvəzetməyə əl atdıq. Pejoviç isə etdiyi səfeh hərəkətə görə ikinci sarı vərəqə ilə cəzalandı və azlıqda qalmalı olduq. Hər şey düşündüyünmüz kimi olsaydı, hesab fərqli ola bilərdi”.

 

O, “İnter” “Mladost”dan daha təcrübəli komanda olduğunu vurğulayıb: “İlk oyunda olduğu kimi, bu oyunda da qol vəziyyətlərindən istifadə edə bilmədik. Əvəzində isə “İnter” bizi əks hücumda yaxaladı və Nizami Hacıyev ümidlərimizi öldürən qola imza atdı. Biz Avropa Liqasında debüt etdik, qol vurmayıb, 5 qol buraxdıq. Bu, “İnter”in təcrübəsinin göstəricisidir. “İnter”ə qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

 

Milovanoviç “İnter”də maliyyə problemləri olduğunu eşitdiyini və futbolçuların buna məhəl qoymadığını bildirib: “İnter”də maliyyə problemlərinin olduğunu eşitmişəm. Ancaq futbol oynamaq həvəsi, vətənpərvərlik “İnter”in qələbə qazanmasında böyük rol oynadı”. 

Xəbər xətti