“Əminliklə deyə bilərəm ki, biz “Qəbələ” üçün asan rəqib olmadıq. Real şanslarımız yaransa da, istifadə edə bilmədik”.
Sportal.az xəbər verir ki, bu sözləri “Yagelloniya”nın qapıçısı Marian Kelemen Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunundan sonra deyib. Klubun rəsmi saytına məğlub olduqları oyunu (0:2) şərh edən 37 yaşlı qolkiper İlqar Qurbanovun qolunda bəxtinin gətirmədiyini bildirib:
“Bakıda olduğu kimi, buradakı qolda da bəxt rəqibin tərəfində oldu. Əgər İlqar Qurbanovun zərbəsindən sonra top müdafiəçiyə dəyməsəydi, heç vaxt qapıdan keçməzdi. İlk görüşdə də bu cür qol vuruldu. Onun zərbəsindən sonra top təsadüfən hücumçularının ayağına dəyib qapıdan keçdi. Ancaq biz əlimizə düşən imkanları dəyərləndirə bilmədik”.
Slovakiyalı qapıçı “Qəbələ”nin daha yaxşı oynadığını da etiraf edib: “Etiraf etməliyəm ki, rəqibimizdən zəif idik. Erkən qol buraxdıqdan sonra bərabərlik topunu vurmaq lazım idi. “Qəbələ” fiziki cəhətdən o qədər də yaxşı görünmürdü. Yalnız müdafiə olunurdular. Bununla belə, heç nə edə bilmədik. Nəticədə bizi əks-hücumda yaxalayaraq ikinci qolu vurdular. Bu, futboldur. “Qəbələ” hər şeyi düzgün etdi. Onlar daha çox qol vuraraq mərhələ keçməyə layiq olduqlarını göstərdilər. Biz isə başımızı yuxarı qaldırıb, irəli baxmalıyıq. Çempionat oyununa köklənmək lazımdır”.
saytlarin hazirlanmasi