Təbriz Həsənov: "Seçmə mərhələdə hədəfimiz qrupdan çıxmaqdı"

16:16 - 2 Avqust 2017

"Bundan öncə 2 yoxlama oyunu keçirmişdik. Təlim-məşq toplanışında əsas məqsədimiz futbolçuların durumunu yoxlamaqdı. Bu mövsüm çempionat tez bitdiyi üçün xeyli vaxtdı komandanın oyun praktikası yoxdu. Buna görə də daha çox yoldaşlıq oyunları keçirməyə çalışırıq. Özümüzdən güclü komandalarla oynayırıq ki, futbolçular fiziki gücü qəbul edə bilsinlər".

 

Bu fikirləri Sportal.az-a verdiyi açıqlamada 19 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov səsləndirib.

 

"Şüvəlan"la keçirilən hazırlıq matçından sonra (2:0) saytımıza danışan təcrübəli mütəxəssis komandanın durumu haqda danışıb:  "Avropa çempionatının seçmə mərhələsinə 2 ay vaxt qalıb. 2 ay futbol üçün o qədər də çox deyil. Komandamızı seçmə mərhələ oyunlarına hazırlamağa çalışırıq. Hazırlıq matçlarında texniki-taktiki gedişləri yoxlayırıq. Əsas heyət üzvlərini daha çox oynatmağa çalışırıq. Bunun da səbəbi futbolçuların bir-birinə daha yaxşı öyrəşməsi, xəttlərarası əlaqələrin daha yaxşı səviyyədə olmasına nail olmaqdı".

 

Təbriz Həsənov milliyə yeni futbolçuların dəvət olunacağını deyib: "Hazırlıq qarşılaşmasında hesab mənim üçün önəmli deyil. Burada əsas məqsəd futbolçuları yoxlamaqdı. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım. Seçmə mərhələ başlayana kimi komandaya yeni futbolçular da dəvət olunacaq".

 

Millimizin baş məşqçisi Avropa çempionatını  seçmə mərhələsindəki rəqibləri də dəyərləndirib: "Rəqiblərimizə gəlincə, Serbiyanı Bakıda keçirilən Avropa çempionatından tanıyıram. İrlandiyanın isə bir oyununu izləmişəm. Hər ikisi güclü komandadı. Amma Kiprin oyununu görməmişəm. Qarşıdakı günlərdə bütün rəqibləri daha yaxşı təhlil edəcəyik. Seçmə mərhələdə hədəfimiz qrupdan çıxmaqdı. İlk 2 pilləni tutmaq istəyirik. Yalnız buna köklənmişik".

Xəbər xətti