DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə qarşılaşan və böyükhesablı qələbə qazanan (5:1) Azərbaycan millisinin ikinci qolunun müəllifi Araz Abdullayev matçdan sonra jurnalistlərina suallarını cavablandırıb.
Sportal.az 25 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
- Böyükhesablı qələbədən sonra özünüzü necə hiss edirsiniz? Norveçə məğlubiyyəti unuda bilmisiniz?
-Düzdü, Norveçlə oyunda yaxşı oynamadıq. Amma bu gün bütün bacarığımızı ortaya qoyduq. Bizi dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələni etdik. İnanıram ki, onlar da bizim oyunumuzdan razı qalıblar.
- Sanki “Bakcel Arena” yığma üçün düşərli məkana çevrilib, burda daha yaxşı oynayırıq. Belə fikirləşmirsən?
- Məncə, burada atmosfer daha yaxşıdı, azarkeşlər meydana daha yaxındırlar.
- Kiprdə özünü necə hiss edirsən?
- Hər şey yaxşıdır. Hiss edirəm ki, mənim üçün hər şey yaxşı olacaq.
- Çoxdan xaricə üz tutmaq lazım olduğunu düşünmürsən?
- Əlbəttə, getmək lazım idi. Amma indi də gec deyil. Çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim.
- Baş məşqçinin üzü gülürdü?
- Əlbəttə, belə qələbədən sonra hər kəsin üzü gülür. Uduzanda hamının qanı qara olur, amma qələbə hər kəsi sevindirir, üzünü güldürür.
- Bu gün xüsusi motivasiyanız var idi. Bu nədən qaynaqlanırdı?
- Millinin oyunu vaxtı stadion dolu olur. Buna görə də onları sevindirməyə çalışırıq. Təbii ki, hər şeydən əvvəl millinin uğur qazanmağı üçün çalışır, mübarizə aparırıq. Bu gün xüsusi seçildiyimi deməzdim. Hamımız mübarizə apardıq.
- Şeydayev sizə yaxın oynayır. Onun qol epizodlarını qaçırmasının səbəbini nədə görürsünüz?
- Ramil tədricən komandaya uyğunlaşacaq. Həm də bu cür rəqiblərlə oyunlarda daha çox qol vurmaq istəyirik. İndiyə qədər millimiz hansısa rəsmi oyunda 5 qol vurmamışdı. Eyni zamanda, 10 xal toplamamışdıq. Yəni bugünkü qələbə ilə bir neçə rekorda imza atdıq. Üstəlik, çox qol vurduqca özünəinam da artır.
saytlarin hazirlanmasi