İspaniyanın şimal-şərqində yerləşən Kataloniya Muxtar Respublikasında oktyabrın 1-də keçirilməsi istənilən müstəqillik referendumu ilə bağlı müzakirələr ölkənin əsas futbol liqası olan La Liqaya da “sıçrayıb”.
Sportal.az xəbər verir ki, İspaniya Peşəkar Futbol Liqasının (LFP) prezidenti Xavyer Tebas təşkil olunan mətbuat konfransında məsələylə bağlı verilən sualları belə cavablandırıb:
“Kataloniya tək tərəfli müstəqillik əldə etsə, katalon klubları nə La Liqada, nə də Fransa Liqasında oynayacaq. Ümid edirəm ki, bu olmaz, lakin Kataloniyadakı proses davam edərsə, katalon klubları İspaniyada oynaya bilməz. Kataloniya müxtar respublikasının hökümətinin idman naziri katalon klublarının İspaniya La Liqası və Fransa liqasını seçə biləcəkləri barədə açıqlama verməsi məni çox təəccübləndirdi. Deyəsən, bu adam müstəqillik prosesində olduğu kimi bütün katalonları aldadır. Bunun belə olmadığını açıq şəkildə demək lazımdır. La Liqa yaxşı ya da pis ən yaxşı səviyyədə qalmağa davam edər, lakin “Barselona” La Liqadan ayrılsa, artıq Avropanın böyük klubu olmayacaq”.
Prezident “1 oktyabrda referendum olsa, bu tarixdə “Barselona”nın “Las Palmas” ilə keçirəcəyi oyun təxirə salınacaqmı?” sualına isə belə cavab verib: “Xeyr. Biz heç vaxt qanundan kənar bir vəziyyətə görə oyunu təxirə salmarıq. Bizim üçün oktyabrın 1-i adi bazar günü olacaq”.
Həmçnin, La Liqanın 3-cü turunda sabah “Levante”ni qəbul edəcək “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan bu gün keçirlən mətbuat konfransında məsələ ilə bağlı fikirlərini bildirib: “Barselona”nın olmadığı bir ispan liqası təsəvvür edə bilmirəm. Bir futbol fanatı kimi “Barselona”nı hər zaman La Liqada görürəm”.
Təcrübəli mütəxəssis qarışıq mövzu olduğuna görə, məsələ haqqıda başqa bi şey demək istəməyib.