Azərbaycanın idman ölkəsi kimi tanınmasına töhvə verən yarışlardan biri də dünya şöhrətli mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirdir. Planetin diqqətini çəkən nüfuzlu yarışda ən güclü, görkəmli iti zəka sahibləri mübarizə aparır.
Sportal.az xəbər verir ki, “ShamkirChess 2018” turnirində futbola böyük sevgisi ilə tanınan Maqnus Karlsen də iştirak edir. O, şahmat taxtası arxasında olduğu kimi həm də meydançada yaxşı futbol oynamağı bacarır. Maqnusun yarışın istirahət günündə keçirilən mini-futbol turnirində dünya yığmasının heyətində 6 qol vuraraq komandasını baş mükafata daşıması da bunun göstəricisi hesab oluna bilər. Dünya çempionunun futbol vurğunu olmasını nəzərə alan Gəncənin "Kəpəz" klubu ona komandanın şərfini və formasını hədiyyə etməyi qərara alıb. Üzərində adı və 1 rəqəmi yazılan “sarı-göy” rəngli futbolkanı Karlsenə Gəncə klubunun icraçı direktoru Elnur Camalxanov təqdim edib. Ayaqüstü görüşdə klub rəsmisi dünya çempionuna və onu Şəmkirdə müşayət edən atasına “Kəpəz”in tarixi və nəticələrindən danışıb. İcraçı direktor Maqnusun Veselin Topalov üzərindəki qələbədən sonra mətbuat konfransında söylədiyi “mən 1 rəqəmini sevirəm” sözlərinə də işarə edərək formanın üzərinə bu rəqəmin yazılmasını onun dünya reytinqində birinci olması ilə bağlayıb. Bunu təbəssümlə qarşılayan qrossmeyster hədiyyələrə görə təşəkkürünü çatdırıb, “Kəpəz”ə uğurlar arzulayıb.
saytlarin hazirlanmasi