"Qazaxıstan yaxşı komandadı. Baxımlı oyun göstərməyi sevir, yaxşı müdafiə olunur və hücumda da çox effektivdi. Hətta bizim bəzi oxşar tərəflərimiz var".
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Maksim Medvedev deyib. "Qarabağ"ın futbolçusu mayın 5-də millimizin Qazaxıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşündən danışıb:
"Qazaxıstan millisi yüksək səviyyədə oynamağa qadirdi. Ancaq aydın məsələdi ki, yoldaşlıq oyunlarında komandalar bütün gücünü göstərmirlər. Dəqiq fikir bildirmək üçün Millətlər Liqasındakı oyunları gözləmək lazımdı. Onu deyə bilərəm ki, komanda müdafiədən hücuma çox yaxşı çıxır, matç ərzində aqressiv oynayır. Amma Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdur. Oyunda biləcəyik ki, son zamanlar komanda necə dəyişib. Düşünürəm ki, Qazaxıstan və Azərbaycan eynigüclü komandadı. Komandaları gücünə görə müqayisə edə bilərik, əsas fərq məşqçi fəlsəfəsindədi. Hər komanda bütün oyunlarda qələbə qazanmaq istəyir. Eləcə də biz. Yoldaşlıq və ya rəsmi oyun olmasından asılı olmayaraq, qələbə kollektivdə ruh yüksəkliyi yaradır".
Medvedev Qazaxıstan millisinin Millətlər Liqasındakı şanslarını dəyərləndirib: "Bizim kimi sizin komandanızın da qabağa getmək şansları var. Hər iki komanda qrupdan çıxa bilər. Əsas məsələ rəqiblərə hörmətlə yanaşmaq və öz oyununu oynamaqdır".
28 yaşlı müdafiəçi millimizin baş məşqçisi Qurban Qurbanovla bağlı da danışıb: "Qarabağ"da 12, Qurban Qurbanovun rəhbərliyi altında isə 10 ildir çıxış edirəm. Bu mütəxəssisin özünəməxsus fəlsəfəsi var. O, intizamlı oyun tərəfdarıdır, topa daha çox sahib olmağı və kombinasiyalı oyun qurmağı sevir".
saytlarin hazirlanmasi