"Rəşad Sadıqovun gəlişindən sonra yenidən millidə oynamağa qərar verdim"

14:08 - 4 İyun 2018

"Bursaspor"a transfer olunanda hədəflərim var idi. Ancaq klubun heyəti geniş olduğundan şans qazanmağım çətin məsələ idi. Buna görə də Hollandiyadan gələn icarə təklifinə "hə" dedim. Orada yaxşı mövsüm keçirdim".

 

Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçü deyib.

 

20 yaşlı hücumçu növbəti mövsümü müqavilə ilə məxsus olduğu “Bursaspor”da keçirəcək. Bu barədə danışan futbolçu yeni mövsümdə daha yaxşı çıxış edəcəyini bildirib: "Bursaspor"un yeni baş məşqçisi Samet Aybaba bəyəndiyim, futbolu sevən məşqçidi. Onunla bir yerdə işləyəcəyim üçün xoşbəxtəm. Yeni mövsümü səbrsizliklə gözləyirəm. Hollandiya çempionatı başa çatdıqdan sonra birbaşa Azərbaycana, millinin düşərgəsinə yollandım. Həm millidə, həm də fərdi qaydada məşqlər edirəm. Növbəti mövsümdə yeni baş məşqçimizlə birgə yüksəlişə nail olaraq, əsl Ozan Canın kim olduğunu xatırladacağam".

 

Kökçü bir müddət əvvəl  U-21 millimizdən imtina etməsindən və yenidən yığmaya cəlb olunması barədə də fikirlərini bildirib: "Əsas milli barədə çox danışmaq niyyətində deyiləm. Bundan əvvəl Türkiyə yığmasının aşağı yaş qrupları üzrə koordinatoru Tolunay Kafkasla Hollandiyada görüşmüşdük. Mən əvvəl bəzi problemlərə görə Azərbaycan millisindən imtina etməyə məcbur olmuşdum. Amma yeni baş məşqçimiz Rəşad Sadıqovun gəlişiylə yenidən milliyə dəvət aldım. Rəşad Sadıqov çox yaxşı insan və məşqçidir. Onun mənə çox şey öyrədəcəyini düşündüm və yenidən millidə oynamağa qərar verdim. Bu barədə çox danışmaq istəmirəm. Əsas millidə oynamağın bir az da qismət məsələsi olduğunu düşünürəm".

Xəbər xətti