"Uypeşt"in iki futbolçusu Bakıya buraxılmadı

10:23 - 12 İyul 2018

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə  ilk oyunu üçün Bakıya gələn "Uypeşt" klubu ciddi problemlə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın iki futbolçusuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza verilməyib. Bunlar malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobododur. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək. Belə olan halda “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalır. 

 

“Uypeşt” Bakı səfəri zamanı başqa problemlə də üzləşib. Komandanı  çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limnlarına eniş edib. Məhz buna görə, Budapeştdən yerli vaxtla saat 9:30-da yola düşən təyyarə Bakıya saat 18:40-da çatıb. Ölkəmizə gec çatdığı üçün komandanın "Dalğa Arena"da nəzərdə tutulan məşqi də baş tutmayıb. Həmçinin, baş məşqçinin mətbuat konfransı ləğv olunub. 

 

Xatırladaq ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı  saat 21:00-da başlayacaq.

Xəbər xətti