Unai Emeri: "İstərdim ki, Mxitaryan Bakıya yollansın"

16:47 - 1 Sentyabr 2018

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 4-də "Arsenal"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. Məsələ ilə bağlı London klubunun baş məşqçisi Unai Emeri açıqlama verib. İspan mütəxəssis bu məsələnin müsbət həllini tapmasını arzulayıb: "Bu, problemli məsələdir. Mən istərdim ki, Mxitaryan Bakıya yollansın. Ümid edirəm ki, məsələ müsbət həllini tapar".

 

Henrix Mxitaryan hələ "Şaxtyor"da oynadığı vaxt Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Futbolçu Xankəndi və bir neçə rayona gedib və hərbçilərin ailəsinə yardım edib. Henrixin Dağlıq Qarabağa bütün səfərləri yardım məqsədi daşıyıb. Mxitaryan maddi vəziyyəti pis olan erməni ailələrinə məşiət avadanlıqları bağışlayıb. Bu səfərlərdə onun missiyası yardımla yanaşı, bölgələrdə futbola marağı artırmaq olub. Ona bu addımlarına görə "Vətən müdafiəçisi" ordeni verilib. 

 

Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz şəkildə gedən Mxitaryan 2015-ci ildə "Qəbələ" - "Borussiya" matçında Bakıya gəlməmişdi. Onun "Qarabağ"a qarşı oyun üçün Bakıya gəlməyəcəyi dəqiqdir.

Xəbər xətti