Ayxan Abbasov gileyləndi: "Keşlə"də olan baza və büdcə bizdə yoxdur"

"CBC Sport"da efirə gedən "Bizim futbol" verilişində qonaq olan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov maraqlı açıqlamaları ilə diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis ölkə kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaqları oyun barədə danışıb:

 

"Qəbələ" bizdən çox təcrübəlidir. Onlar 4 dəfə finalda çıxış ediblər. Bu da onlar üçün böyük üstünlükdür. "Qəbələ"də elə futbolçular var ki, hər an oyunun taleyini həll edə bilər. Bura qədər gəlmişiksə, böyük uğurdur. Futbolçuların tarixdə qəhrəman kimi qalmaq fürsətləri var. Kuboku qazanmaq klubun inkişafına təsir edəcək. Sumqayıt şəhəri iddialı komandaya layiqdir. Bir çox əskiklərimiz var. Əl-ələ verdik, rəhbərlik dəstək oldu, çətin durumdan çıxdıq. Gənc futbolçularımız var: Baxşəli, Ülvi, Süleyman, Murad kimi oyunçulara şans veririk. Onlar başqa klublara lazım deyildi, bizdə oynadılar. Bunu uğur kimi qələmə vermirəm. "Qarabağ"ın hücumçusu Mahir Mədətovu Premyer Liqanın bombardiri kimi görmək sevindirici oldu. Çünki çox vaxt bu adı legioner oyunçu qazanırdı. Mahirin 16 qol vurması bizi sevindirir. Bu, Azərbaycan millisi üçün sevindiricidir. Çünki hücum xəttində problemlər olduğunu deyirik".

 

Gənc mütəxəssis klubun Naxçıvanda keçiriləcək həlledici görüşə azarkeş aparacağını deyib: "Klub hər kəsi Naxçıvana apara bilməz. Amma bəzi fanatları biletlə təmin ediblər. Bizimlə birgə olacaqlar. "Sumqayıt" azarkeşləri bizi məşqdə də tək qoymur".

 

Abbasov Azərbaycanda məşqçilərin üzərində təzyiq olduğunu bildirib: "Hamı qısa vaxtda nəticə istəyir. Klub öz şəraitinə baxmadan avrokubokları istəyir. Gerçəyi desək, klub rəhbərləri səbir etmək istəmir. 3-4 tur uduzan kimi hər kəs üstünə gəlir. Avropada "Ayaks"ı götürək, neçə il idi ki, ortalıqda yox idilər. Ancaq görürsən ki, bu klub dayanmır, işləyr, bir məşqçiyə 5-6 il şans verir. İddia yaxşı şeydir. "Sumqayıt"da akademiyaya yeni futbol rəhbəri gətirildi. Almaniya vətəndaşıdır, türkdür. Özüm də onunla görüşmüşəm, futbol biliyi yaxşıdır. İnanıram ki, "Sumqayıt"da yaxşı işlər görəcək, gənclər ondan nəsə götürəcək.

 

Ayxan Abbasov Premyer Liqanın 23-cü turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "Rəhbərliklə söhbət edəcəm, belə davam edə bilməz" fikirlərini səsləndirmişdi. Çalışdırıcı həmin açıqlama ilə bağlı daha geniş danışıb:

 

"O sual yadımdadır. "Keşlə"yə uduzduğumuz oyundan sonra demişdim. Çox pis uduzmuşduq, hakimlərin də səhvini qeyd edərdim. Qış fasiləsində çox yaxşı hazırlaşmışdıq, məşqçi kimi çox rahat idim. Düşünürdüm ki, ilk 4 yer uğrunda mübarizə apara biləcəyik. "Qəbələ" və "Qarabağ" məğlubiyyəti, hakim səhvləri bizə pis təsir etdi. Bunlar bizi həmin iddiadan yayındırdı. Əsas məsələ klubun baxışıdır. Çempionat bitəndən sonra rəhbərliklə danışacağıq. Fərqi yoxdur, kuboku alsaq da, almasaq da söhbət olacaq. Klubun planı, iddiası olmalıdır. Məşqçidən nəs istəyir, nə tələb edir və bizim əlimizdə nə var. Əlimizdə olanlarla həmin iddianı reallaşdıra bilərik? Çempionatın ortasında avrokubokları düşünürük, sonunda isə Premyer Liqada qalmaq istəyirik. İlk növbədə büdcə də imkan verməlidir. Bu gün çempionatda ən az büdcə bizdədir. Şərait baxımından götürsək, digər 7 klub bizdən yaxşıdır. Mən gileylənmək istəmirəm. "Keşlə"də olan baza və büdcə bizdə yoxdur. Onlarda xeyli legioner var. Əcnəbi futbolçu az pula gəlmir. Bizim bəlli büdcəmiz var. Keçən il olan heyət xeyli müddət idi ki, birgə oynayırdı. Amil Yunanov, Fərhad Vəliyev, Cavid İmamverdiyev, Rəşad Eyubov, Vurğun Hüseynov, Rail Məlikov kimi oyunçular oturuşmuş heyət formalaşdırmışdılar. Yeni oyunçular gələndə zaman lazım olur. Elvin Məmmədov, Əfran İsmayılov, Rail Məlikov, Vurğun Hüseynov bu il komandaya bacardıqlarından daha çox kömək etdi".

 

Abbasov hələ avrokuboklar barədə düşünmədiklərini deyib: "Avrokuboku fikirləşməyək. Gələn il çempionatı nəzərə alsaq, transferlərə baxsaq, bizim üçün çətin olacaq. Avrokuboklarda ilk mərhələdə uduzsaq, qınaq obyekti olmayacağıq. Gələn il "Sumqayıt" çempionatda neçə çıxış edəcək? "Sabah"ın "Səbail"in transferlərini eşidirik. "Keşlə" çempionatda qalsa, yəqin ki, güclənəcək. Klubun sponsorları, rəhbəriyi yəqin ki, bu barədə düşünür. Mövsüm bitdikdən sonra buna aydınlıq gələcək".

Tarix: 14 May [13:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio