"Qəpiyinə qədər hesablamışıq. AFFA gətirib 350 min manat versin, komandamız 1-ci Divizionda iştirak eləsin".
Sportal.az xəbər verir ki, bunu sportinfo.az-a açıqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib. Klub rəhbəri divizionda iştirak üçün ödənilən 50 min manatın çox az olduğunu bildirib:
"Rəsmi şəkildə, kağız üzərində ən minimum formada hesablamışıq. Biz bu mənada AFFA-dan güzəşt gözəyirdik ki, bölgə klubuyuq, bəlkə məbləği bir qədər artırdılar. Amma dəyişiklik olmadı.
Ona görə 1-ci Divizionda iştirak etməmək qərarına gəldik. Cərimə barədə məlumatlıyıq, amma bizə bu haqda rəsmi bildiriş gəlməyib. Hər halda PFL-in bayrağı altında keçirilən premyer Liqada iştirak ediriksə, cərimiəyə də razı olmalıyıq".
Nəcəfov dünən klubdan ayrılan marketinq meneceri Səməd Nəsibov barədə də fikirlərini bölüşüb: "10 il birlikdə çalışdıq. Bu müddət ərzində xeyli işlər gördük, layihələrimiz oldu. Şəxsim və klub adından Səməd bəyə təşəkkürümüzü bildiririk. "Qəbələ"də bu ştat ləğv edilməyəcək. Kiminlə əməkdaşlıq edəcəyimizə yaxın zamanlarda qərar verəcəyik".