Əfran İsmayılov: "Neftçi" ilə oyunda çox şeyi unutdura bilərik"

20:49 - 15 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının IV turunda "Səbail"ə 1:2 hesabı ilə uduzan "Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu öncə məğlubiyyəti şərh edib:

 

"Oyuna qələbə üçün çıxmışdıq. İki ardıcıl qələbədən sonra ardını gətirmək istəyirdik. Futbolda nələr olacağını isə bilmək olmur. Çalışdıq, əlimizdən gələni etdik, amma xırda səhvlərdən qollar buraxdıq. İkinci hissədə toparlanmağa çalışdıq və yaxşı vaxtda qol vurduq. Çox çalışsaq da, növbəti qolu vura bilmədik. "Səbail" yaxşı müdafiə olundu. Bunun nəticəsində də qələbə qazandılar".

 

İsmayılov "Səbail"dəki maliyyə sıxıntılarının oyuna təsir etmədiyini deyib:

 

"Sıxıntı barədə məlumatlar dolaşır, amma onlarda peşəkar futbolçular çıxış edir. Çətinlik nə qədər olsa da, hamısı qələbə qazanmaq istəyir. Buna da nail oldular və rəqibi təbrik edirəm. Bu oyunu artıq unutmalıyıq. Bizi "Neftçi" ilə ağır oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. "Neftçi" ilə oyunda çox şeyi unutdura bilərik".

 

Əfran yavaş-yavaş formasını bərpa etdiyini deyib:

 

"Tam hazır deyiləm. Getdikcə artırıram. Yavaş-yavaş formamı bərpa etmək istəyirəm. İnanıram ki, bir-iki tura alınacaq".

Xəbər xətti