Ronaldo “MC Donalds”da ona pulsuz yemək verən qadınları axtarır - biri tapıldı

01:13 - 21 Sentyabr 2019

"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo Böyük Britaniyanın ITV kanalının jurnalisti Pirs Morqana müsahibəsində "Sportinq"in akamdeiyasında olanda ona yemək verən "MC Donalds” əməkdaşlarını axtarırdığını açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu ona və komanda yoldaşlarına pulsuz burger verən Edna ilə iki qadını tapmaq üçün müsahibədə kömək istəmişdi.

 

Beş dəfə "Qızıl Top" mükafatını qazanan canlı əfsanə Turin və ya Lissabonda həmin şəxsləri şam yeməyinə dəvət etmək istədyini dilə gətirmişdi.

 

Bu gün Paula Leka üç qadından biri olduğunu söyləyib və şam yeməyinə gəlməyə razı olduğunu Portuqaliyanın "Renascenca" radiosuna açıqlamasında deyib:

 

"Onları restoranın qarşısında görürdük. Artıq hamburger qalanda mencerimizdən onlara vermək üçün icazə istəyirdik. Uşaqların arasında bəlkə də ən utancaq Ronaldo idi. Hər həftə bu hadisə təkrarlanırdı. 

 

İndi bunlara gülürəm. Öz oğluma bu barədə bəhs etmişdim. Ancaq o, bunun uydurma olduğunu və Ronaldonun məndən pulsuz hamburger ala biləcəyini xəyalına da gətirə bilmir.

 

Bu, çox uzun illər öncə baş verib, xatirələri yada salmaq gülməli gəlir. Ən azından insanlar bunun bir uydurma olmadığını bilir.

 

Ronaldo məni şam yeməyinə dəvət etsə, əlbəttə, gedəcəm. Edəcəyim ilk şey ona təşəkkür etmək və keçmiş xatirələri bölüşmək olacaq. Bunun üçün zamanımız olar".

 

Paula Ronaldonun adını xatırladığı Edna ilə əlaqələrinin kəsildiyini sözlərinə əlavə edib.

 

Kriştiano Pirs Morqana verdiyi müsahibədə həmin illəri belə xatırlamışdı:

 

“11-12 yaşım olanda ailəmizin pulu yox idi. Mən və “Sportinq”in digər yetirmələri bazada qalırdı. Ailəmi ayda üç dəfə görürdüm. Bu, çox çətin idi. Gecə saat 22:30-23:00 aralığında ac olurduq.

 

Stadionumuzun yanında isə “MC Donalds” var idi. Biz oranın qapısını döyüb soruşurduq ki, sizdə burger var? Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər. Mən daha sonra onları heç vaxt görmədim.

 

Portuqaliyada olanda onları axtardım. Amma həmin “MC Donalds” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə ilə onları tapmaqda mənə kömək edəcəklər.

 

Hər üçünü tapsam, çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə nahar etmək və təşəkkür etmək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”.

Xəbər xətti