Millidə qruplaşmalar, parçalanmalar... - yeni baş məşqçi ilk növbədə birlik yaratmalıdır

15:41 - 11 Sentyabr 2025

Bu mövzuda yazmaq zərurəti çoxdan yaranmışdı. Emin Mahmudovun qol vurandan sonra dini jesti, Elvin Cəfərquliyevin ona qoşulması, başqa dini təriqətə mənsub Abbas Hüseynovun həmin jestə qarşılığı bu barədə qeydlərin vacibliyini bir az da artırdı.

Millidə ciddi parçalanmalar, qruplaşmalar var. Və bu yalnız dini baxışlarla bağlı olan məsələ deyil. Yazdıqlarımız təxəyyül məhsulu, təxminlər yox, aldığımız ismarıclardır. Bu siqnallar millinin öz içindən gəlib. Milli üzvləri arasında bir neçə tirəlik var. Ab-hava çox pisdir. Əksəriyyətin bir-birindən xoşu gəlmir.

Vəziyyətin buralara qədər gəlməsində millidə daim əcnəbi məşqçilərin çalışması da rol oynayıb. Dünyagörüşünə görə bizdən çox uzaqlarda olan, dilimizi, dinimizi bilməyən əcnəbilər millinin düşərgəsində nə baş verdiyinin fərqinə belə varmayıblar. 

Faktiki olaraq millimizdə görünməyən problemlər daha dərindir, nəinki görünən. Hamı millimizin zəif oyunundan danışır, amma çoxları bilmir ki, daxilində parçalanmalar olan komandadan ciddi nəsə gözləmək mümkünsüzdür. 

Millinin yeni baş məşqçisinin yerli olmasının vacibliyinə dair çox arqumentlər gətirilib. Onlardan biri də, komandanın bir yumruq kimi olmasının təmin edilməsidir. Bunu yalnız yerli məşqçi edə bilər. Özü də tək futbol biliyi yox, həm də xarakteri güclü olan mütəxəssis. Seçim edərkən bu amil də mütləq nəzərə alınmalıdır. Birlik olmayan yerdə nəticə olmayacaq!

Həmid

Xəbər xətti