Azərbaycanın U-21 yığmasının üzvü Rüfət Abbasov Sportal.az saytına müsahibə verib.
- Portuqaliyaya 0:5 uduzsanız da, səfər görüşünün ilk hissəsində yaxşı performans sərgiləmişdiz. Göstərdiyiniz oyun sizə motivasiya verirdi, yoxsa böyükhesablı məğlubiyyət inamsızlıq yaratmışdı?
- Portuqaliyaya qarşı çətin oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Birinci hissə yaxşı mübarizə aparmışdıq, qapalı oynaya bilmişdik.İkinci hissədə də yaxşı oynamışdıq, hücumlar etmişdik. Cüzi səhvlərdən qollar buraxmışdıq. Nə qədər olmasa da, bu da bizə təsir etdi. Amma o oyundan sonra da Bolqarıstan görüşünə hazırlaşdıq.
- Bolqarıstanla görüşdə komanda 1:1 oynadı. Həmin matçdakı bərabərliyi necə şərh edərdin?
- Məncə, Bolqarıstanı məğlub etməliydik. Bu görüşdə üç xala yaxın idik. Çünki oyuna baxsaq, bizim qol epizodlarımız rəqibə nisbətən daha çox idi. Özü də, bizim qol epizodlarımız daha real oldu. Sadəcə fürsətdən istifadə edə bilmədik. Bunun üzərində işləyəcəyik ki, fürsətlərdən istifadə edək.
- Səncə, qələbə qazanmağınıza mane olan məsələ nə idi?
- Son ötürmələr deyim. Sanki o son ötürmələr çatmadı. Bir də, son zərbələr. Onlar olsaydı, fərqli hesab görə bilərdik.
- Hər halda, Bolqarıstanla görüşdəki heç-heçə növbəti matçlar üçün də sizə böyük motivasiya verəcək?
- Əlbəttə, Bolqarıstanla görüşdəki nəticə bizə böyük motivasiya verəcək. Qarşıdakı turda Çexiya və sonra Şotlandiya ilə qarşılaşacağıq. Bizi çətin oyunlar gözləyir. Amma hər milliyə qarşı oynamağı bacarmalıyıq. Məncə, bacaracağıq da. Çünki buna gücümüz imkan verir, potensialımız da var.
- Növbəti oyunlarınız Çexiya və Şotlandiyaya qarşıdır. Ümumiyyətlə, Cəbəllütariq, Çexiya, Şotlandiya, Bolqarıstan, Portuqaliya ilə eyni qrupda nəyə ümid edə bilər yığmamız?
- Biz özümüz də, istəyirik ki, ən yaxşı xalı toplayaq. Özümüzü və komandamızı ən yaxşı şəkildə göstərək. Heç bir rəqibdən çəkinmirik. Ən yaxşısını etməyə çalışacağıq. Növbəti görüşlərdə də xal və xallar qazanacağıq.
- U-21 yığmasında daimi Premyer Liqada oynayan yeganə futbolçu sənsən. Bu da sənə üstünlük qazandırır. Bildiyim qədərilə hətta skautlar da səni Portuqaliya ilə matçda izləyib. Avropaya yollanmaq istəyin var?
- Təbii ki, daim Premyer Liqada oynamağım mənə böyük təcrübə qazandırır. Bu da mənim üçün yaxşıdır. Daha da üstünə qoyub, daha çox oynayıb, yığma komandamıza daha çox xeyir vermək istəyirəm. Bəli, Portuqaliyada skautlar izləyib, mən də bu haqda oxumuşam. Xeyirlisi olsun. Hələ ki "Şamaxı" ilə müqaviləm var və bu komandaya məxsusam. Belə bir şey olarsa, niyə də yox? Zaman hər şeyi göstərər.
- A milliyə düşməyin real olduğunu düşünürsən? Sənin mövqeyində Elvin Cəfərquliyev oynayır...
- Əlbəttə ki, hər bir futbolçu A milliyə düşmək istəyər. Amma bunun üçün tək istəmək deyil, həm də çox çalışmaq lazımdır. Oyunlarda ən yaxşısını etmək mütləqdir.
Mirbağırağa
saytlarin hazirlanmasi