Korluq - YAZI

15:15 - 17 Oktyabr 2019

Joze Saramaqonun “Korluq” əsərindən çıxan nəticə həm də odur ki, çətin, çıxılmaz vəziyyətə düşən insan ləyaqətini, vicdanını, insanlıq adına yaxşı olan hər şeyi necə itirir, itirirmi?

 

Azərbaycanın idman mətbuatı ölkənin daha ac, daha acınacaqlı durumda olduğu “peraşki dövrü”nü başı dik, ləyaqətlə, əyilmədən yaşadı. Və sonra gün gəldi, neft müqavilələri imzalandı, futbol təsərrüfatına da pullar sel kimi axmağa başladı. Ondan sonra ortaya göbələk kimi yeni “jurnalistlər”, “redaktorlar”, “baş redaktorlar” çıxdı. Biz onların heç birini sınıq-salxaq avtobusdan düşüb, nəfəsimizi dərmədən reportaj hazırlamaq üçün qaçdığımız Şəmkir, Gəncə, Qusar, Masallı stadionlarında görməmişdik. Onlar pul iyinə gəlmişdi. Aralarında jurnalistika sevgisinə görə bu sahəyə üz tutanlar da var idi, amma az idilər…

 

Elxan Məmmədovun baş katib olduğu AFFA jurnalistikanın və jurnalistlərin dəyişməsindən öz xeyrinə istifadə etməyi əla bacardı. Bu gün də bacarırlar. Milli komandanın səfərlərinə istədikləri, daha doğrusu, onların istədiklərini yazan, efirlərdən deyən jurnalistləri aparmaq, əl altından maliyyələşdirmək, hansısa şirkətlərlə reklam əməkdaşlığına yönəltmək və sair. Cari seçmə mərhələdə sürünə-sürünə, əzilə-əzilə, əyilə-əyilə vur-tut 1 xal toplamış milli komandanı, AFFA-nı tənqid edənlər və ən yaxşı halda susanlar, ən pis halda arsızcasına tərifləyənlər var. Tənqid edənlər AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın “yaxşı oğlanlar” siyahısında olmayanlar, tərifləyənlər özlərini o siyahıya pərçimləyənlərdir.

 

Həqiqətləri görmək, fikir bildirmək, tənqid, tələb etmək jurnalistin peşə borcudur, bu, həm də, vicdan, əxlaq, ləyaqət məsələsidir. İndi siz deyin, AFFA, onun baş katibi, mətbuat xidməti neçə jurnalisti kor edərək, əxlaqına, vicdanına, ləyaqətinə təcavüz edib? Bu adamlar gözləri gördükləri halda kor olmuşlardır… Pulun, milli komanda ilə Avropanı gəzmək azarının kor etdiyi korlar, karlar…

 

Elxan Məmmədovun və onun mətbuat xidmətinin əxlaqına, ləyaqətinə, vicdanına təcavüz etdiyi bu adamlar – “jurnalistlər” futbol klubları ilə də reket, qoçu dilində danışır. Bu “jurnalistlər”in AFFA-nın mətbuat xidmətinin media siyasətini birbaşa müəyyənləşdirdiyi “Neftçi”yə münasibətini görüb, hiss etmisizmi? “Neftçi” Azərbaycan Premyer Liqasında məğlubiyyətləri sıralayıb, “Qarabağ”a neçənci dəfə çempionluq yarışında uduzanda da, Avropa Liqasında biabır olub, suyu süzülə-süzülə qayıdanda da bu “jurnalistlər” susurlar, susacaqlar… Çünki tapşırıq belədir. Çünki “Neftçi” bu adamlara reklam pulu verir. Çünki Kamran Quliyev Elxan Məmmədovun adamıdır. Çünki…

 

Bu adamların pul iyini hiss etmə qabiliyyəti çox güclüdür. Hansı klubun maliyyə imkanlarının yaxşı, yoxsa pis olduğunu həmin klubun rəhbərliyindən də yaxşı bilirlər. Və dərhal da hücuma keçirlər: zənglər, təhdidlər, ardı-arası kəsilməyən yazılar. İşin qəribə tərəfi nədir, bilirsiz? Ölkənin ən köklü klubu olan “Neftçi”nin rüsvayçı çıxışı haqda bir kəlmə də yazmayan bu “jurnalistlər” məsələn, dünən Premyer Liqaya çıxan, hələ özünə elitada tam olaraq yer etməmiş “Sabah”ı yıxıb-sürüyürlər. Və ya niyə ötən mövsümü bərbad keçirən, AFFA-nın himayəsindəki “Sumqayıt” yox, reklam vermək potensialında olan başqa klub hədəfə alınır?

 

Biz hamımız eyni ağacın budaqlarından asılı qalmış kimiyik. Hamımız klublarla reklam əməkdaşlığı edirik, buna məcburuq. Bu, bizdən asılı olmayan spontan durumdur. Amma özümüzü insan, jurnalist olaraq ləyaqətli, vicdanlı aparmaq öz əlimizdədir. 300-500 manatlıq reklam pulu üçün klubların qapısında yatmamaq, milli komanda ilə Avropanı gəzmək azarına, həvəsinə qalib gəlmək, o eybəcər hissi içimizdə boğmaq öz əlimizdədir. Reklam əməkdaşlığı etmədiyimiz klubları yeri gəldi-gəlmədi yıxıb-sürümək, jurnalist peşəsini, oxucuları bir kənara tullayıb, ancaq öz cibimiz uğrunda mübarizə aparmaq qərəzdir, vicdansızlıqdır, əxlaqsızlıqdır! Bu, jurnalistika deyil, yoldaşlar. Azərbaycanın futbol üzrə milli komandalarının hansı gündə olduğunu görməzdən gəlib, ancaq Elxan Məmmədovun, Firuz Abdullanın uzatdığı əli (pulla, səfərlərə biletlərlə dolu əllər) görmək ləyaqətli davranış deyil! Bu, jurnalistikaya xəyanətdir!

 

Joze Saramaqonun “Korluq” əsərinin sonlarında kor olmuş insanların gözləri bir-bir açılmağa başlayır… Azərbaycan oxucusunun, insanının da gözləri açılacaq, bir gün mütləq açılacaq. Bax, onda hər kəs sizin kim olduğunuzu görüb, barmaqla göstərəcək.

 

Rəşad Ergün / Komanda.az

Xəbər xətti