Vüsal İsgəndərli: “Bütün əsgərlər üçün hərbi salam verdim”

22:35 - 19 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sabah”la evdə 1:1 hesablı heç-heçə edən “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, komandasının yeganə qolunu vuran futbolçu oyunu şərh edib:
 
- Bu gün hamı bilir ki, “Qarabağ” digər klublardan üstündür. Futbolçularının keyfiyyəti, tutduqları yer bunu göstərir. Bu baxımdan “Qarabağ”dan hamı səviyyə fərqinə görə geridir. Digər klublar isə eyni səviyyədədir. Deyərdim ki, yeddi klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Oyunun çətin keçəcəyini isə bilirdik. Vurduğum qol istəyirdim ki, bizə qələbə qazandırsın. Qismət belə imiş, gələn oyunlarda qalib gələrik. Bir xal da pis nəticə sayılmamalıdır. “Qəbələ” ilə oyuna ciddi hazırlaşıb, üç xal götürməliyik.
 
- Vurduğun qoldan sonra əsgər salamı verdin. Bunu Türkiyə ordusuna dəstək üçün etdin?
- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadır. Həm onlara görə, həm də bizim də əsgərlər var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!
 
- Çoxlu qol şansları qaçırtdınız. Bir xal üçün razı olmağınız qəribə gəlir.
- Oyunu analiz etməyə vaxtımız olacaq. Bizm də, “Sabah”ın da epizodları var idi. Bir az ustalığı artırsaydıq, ikincni vura bilərdik. Ruslan Qurbanovla Sezar Meza Kollinin zədəsi var idi. Həftə ərzində qrip ola-ola məşq eləmişəm. Bu gün oynamaq mənim üçün də ağır idi. Bir xal da pis deyil. Son saniyələrdə qol buraxdığımız üçün üzücü gəlir.
 
- Növbəti rəqibiniz “Qəbələ” bu gün “Qarabağ”ı büdrətdi.
- “Qəbələ” mübarizə komandadır. Narahat deyilik. Öz oyunumuzu oynayıb, üç xal qazanmağa çalışacağıq.

Xəbər xətti