AFFA-nın yeni planı - bu futbolçular millidə oynayacaq?

13:53 - 14 Dekabr 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində uğursuz nəticə göstərməsi AFFA-nı yeni addımlar atmağa məcbur edib.

 

Sportal.az-ın məlumatına görə, federasiya bir neçə futbolçunu milliləşdirmək üçün çalışır. Yığmada yeni nəslin formalaşdığı dönəmdə AFFA bu addımla güclü komandanın yaranacağını düşünür.

 

“Sumqayıt”da çıxış edən İsrail doğumlu Əmir Ağayev milli komandada oynamağa razılıq verib. Bundan əlavə, bu komandanın hücumçusu Peyman Babayinin də yığmada oynaması gündəmdədir.

 

Rusiyanın “Spartak” klubunda son zamanlar ehtiyatda qalan Ayaz Quliyevlə tez-tez əlaqə saxlayan federasiya futbolçunu hələ də razılaşdıra bilmir. 23 yaşlı yarımmüdafiəçi qərar verməyə tələsmir. AFFA növbəti seçmə mərhələyə qədər Ayazı razı salmağa çalışır.

 

Bu ölkənin digər Premyer Liqa klubu “Ufa”da çıxış edən Azər Əliyev də federasiyanın diqqətindədir. Son zamanlar uğurlu çıxış edən 26 yaşlı yarımmüdafiəçi yığmada oynamağın əlehinə deyil, ancaq Rusiyada limitə düşməmək üçün milliyə gəlməkdən çəkinir.

 

Rusiyanın I Divizion klubu “Ximki”də yaxşı mövsüm keçirən Kamran Əliyev daha öncə Azərbaycanın U-20 millisində olub. Əliyev daha sonra yığmaya gəlməyib. AFFA Kamranın əsas millidə oynaması üçün yollar axtarır.

 

Digər namizəd isə Niderlandın “Feyenoord” klubunun futbolçusu Orkun Kökcüdür. Bir müddət əvvəl Türkiyənin U-21 millisini seçdiyini açıqlasa da, onun Azərbaycan yığmasında oynaması mümkündür. Ancaq Orkunun şərti var. 18 yaşlı yarımmüdafiəçi “Sabah”da çıxış edən qardaşı Ozancan Kökcünün də Azərbaycanın əsas milli komandasında çıxış etməsini istəyir. Orkun yığmada qardaşı ilə birgə oynamaq arzusundadır. Keçmişdə Təbriz Həsənovun milliyə seçmədiyi futbolçu bu şərtlə yığmada oynamağa razı ola bilər.

Xəbər xətti