Reynaldo Gürcüstan klubunda - "İddialı komanda olacağını dedilər"

15:15 - 9 Fevral 2020

"Qarabağ"ın sabiq hücumçusu Reynaldonun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Gürcüstanda davam etdirəcək. O, yüksək liqa təmsilçisi "Dinamo"ya keçib. 

 

Batumi təmsilçisinin çalışdırıcısı Qia Qequçadze transferlə bağlı bunları deyib: "Reynaldo toplanışa yeni gəlib. Yüksək profili olan futbolçudur və ona böyük ümidlər bəsləyirəm. Hər şeydən öncə tibbi müayinədən keçməli və kollektivlə çalışmağa başlamalıdır".

 

Reynaldo özü də "Dinamo"ya keçidi barədə danışıb:

 

"Karyeramda möhtəşəm səhifə buraxmışam. İndi bu səhifənin ardını "Dinamo"da gətirmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Bura gəlməyə qərar verdim, çünki yaxşı kollektiv olacağını düşündüm. Futbolçularla əlaqə saxladım, iddialı komanda olacağını dedilər. Adaptasiya prosesində mənə yardım edən braziliyalı futbolçuları görmək gözəldir. Hədəfim Gürcüstanda çempion olmaqdır".

 

Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da çıxış etmişdi. O, 2019-cu ilin qış fasiləsində "Aktobe"dən Ağdam klubuna qayıtmışdı. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo Qazaxıstan təmsilçisi "İrtış"la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrılmışdı.

Xəbər xətti