Tural Bayramlı "Keşlə"də qalacaq? - "Latviyadan maraq var"

10:53 - 27 İyun 2020

Ötən mövsümün parlayan simalarından biri "Keşlə"nin yarımmüdafiəçisi Tural Bayramlı oldu. Latviyanın "Dauqavpils" klubundan paytaxt təmsilçisinə keçən 22 yaşlı yarımmüdafiəçi komandanın aparıcı üzvü oldu.

 

Yüksək performans göstərən gənc futbolçu "Keşlə"nin mövsümü bürünc medallarla başa vurmasında böyük pay sahibi oldu. Müqaviləsi iyunun 30-da başa çatacaq futbolçunun "ağ-qırmızılar"da qalıb-qalmayacağı hələ məlum deyil.

 

Futbolçunun agenti Erkin İbrahimov Sportal.az-a açıqlamasında müştərisinin gələcəyindən söz açıb:

 

“Tural hazırda rayondadır. Bakıya qayıdandan sonra “Keşlə” rəhbərliyi ilə danışacaq. Klubda müəyyən maliyyə problemləri var. Razılığa gəlsələr, seçimi futbolçuya buraxacağam. Mən ona təkliflər verə bilərəm, seçim isə onundur. Latviyadan maraq var, ancaq bir il burada əziyyət çəkib. Tərəfdarı deyiləm ki, futbolçu tez-tez klub dəyişsin. Tural və “Keşlə” bir-birlərinə çox şey verib. Ümid edirəm razılıq əldə edilər”.

 

Tural Bayramlı ötən mövsüm 22 oyunda 2 qol vurub, 2 assist edib.

Xəbər xətti