AFFA və TFF legioner statusu ilə bağlı danışıq aparır

15:48 - 26 Noyabr 2020

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyə Futbol Federasiyası (TFF) arasında futbolçuların legioner statusu ilə bağlı danışıq aparılır.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib. Türkiyədə səfərdə olan funksioner yerli mətbuata açıqlamasında iki ölkə futbolçularının həm Türkiyə, həm də Azərbaycanda legioner statusu ilə oynamamaları üçün müzkirələrin davam etdiyini söyləyib:

"Hazırda çempionatımızda 2 türkiyəli futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah" komandasının formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".

Hazırda Türkiyədə azərbaycanlı futbolçulardan yalnız Araz Abdullayev çıxış edir. O, I Liqa mübarizə aparan "Boluspor"da oynayır.

Xəbər xətti