Okan Kurt: "Qrupumuz ən güclü komandaların olduğu qrupdur"

18:01 - 18 İyun 2021

Voleybol üzrə qadınlar ibarət milli komandamız Avropa çempionatında iştirak edəcək. Komandamızın turnirə necə hazırlaşdığını öyrənmək üçün Azərbaycan Voleybol Federasiyasına müraciət etdik. 

 

Sportal.az xəbər verir ki, fanat.az-a açıqlama yığmanın meneceri Oksan Kurt millimizin çempionat üçün hazırlıqlara başladığını bildirdi. Onun sözlərinə görə, pandemiya səbəbindən bir müddət məşqlərdən kənar qalan oyunçularımız artıq öz formalarını bərpa edirlər: 

 

"Uzun fasilədən sonra yenidən yarış ab-havasını yaşamaq, rəsmi oyunlara çıxmaq çox gözəl hisslərdir. Məlum səbəblərdən komandalarımız uzun müddət məşqsiz və yarışsız qalmışdı. Qızlarımızın Qızıl Avropa Liqasına hazırlaşmaq üçün çox az vaxtları oldu. Azərbaycan Voleybol Federasiyasının və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iki həftə Mingəçevirdə təlim-məşq toplanışı keçdik və rəsmi yarışa yola düşdük. Gənc oyunçular ilk dəfə idi ki, milli komandanın heyətində rəsmi oyunlara çıxırdılar. Fikrimcə, daha yaxşı oyun göstərə bilərdik. Nəzərinizə çatdırım ki, 2020/21 mövsümündə komandamızın bir neçə oyunçusu həm məşq etmiş, həm də yarışlarda iştirak etmişdi. Qızıl Avropa Liqasında aparıcı oyunçularımızın çoxu iştirak edə bilmədi. 
 

Hazırda məşqlərimizi Bakıda davam edirik. Qarşıda bizi Avropa çempionatı gözləyir. Hazırlıq üçün kifayət qədər vaxtımız var. Oyunçularımız öz formalarını bərpa edirlər. Mingəçevirdə və ölkə xaricində təlim-məşq toplanışlarımız olacaq. Bir neçə yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Avropa çempionatında komandamızın heyətində daha təcrübəli oyunçular yer alacaq. Düşünürəm ki, qızlarımız bu oyunlarda yaxşı çıxış edəcəklər. Rəqiblərimiz haqqında onu deyə bilərəm ki, qrupumuz ən güclü komandaların yer aldığı qrupdur. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Biz də onlardan zəif deyilik. Avropa çempionatında zəif komanda olmur. Ona görə də çalışmalıyıq ki, bütün görüşlərdə yaxşı oyun göstərək".

 

Ardıcıl 9-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi A qrupunda mübarizə aparacaq. Belqradda keçiriləcək yarışda rəqiblərimiz ev sahibi Serbiya, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Avropa çempionatının final mərhələsinə 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. Həlledici oyunlar avqustun 18-dən sentyabrın 4-dək baş tutacaq.

 

Turnirin B qrupunda Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan, C qrupunda Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə, D qrupunda isə Rumıniya, Türkiyə, Niderland, Ukrayna, İsveç, Finlandiya yığmaları mübarizə aparacaq.

Xəbər xətti