"Rəşad Sadıqov və Bədavi Hüseynov oynayırdı, millinin də çox yaxşı futbolçuları sayılırdılar" - MÜSAHİBƏ

13:24 - 24 Sentyabr 2021

"Qarabağ"ın sabiq futbolçusu Vladimir Dimitrovski Sportal.az saytına müsahibə verib. 2015-ci ildə Ağdam klubuna böyük ümidlərlə gətirilsə də, əsas heyət üzvünə çevrilə bilməyən şimali makedoniyalı sonradan ölkəmizi tərk etmişdi. Hazırda klubsuz olan 32 yaşlı mərkəz müdafiəçisi “Qarabağ”a keçidindən, tez-tez oynamamasından söz açıb.

- Son olaraq Gürcüstanda “Telavi”də oynayırdın. Deyəsən, ondan sonra klubsuz qalmısan...
- Doğrudu, son olaraq “Telavi”də oynamışdım. Əslində, yaxşı sezon keçirmişdim. Sadəcə COVİD-19 klublara böyük zərbə vurdu. Klub mənə öncəki təklifi edə bilmədi. Normal maliyyə şərtlərilə təklif gözlədim. Aşağı məbləğə ailəmdən kənarda gedib oynamaq istəmədim.

- “Qarabağ”a transferini necə xatırlayırsan?
- Əlbəttə ki, “Qarabağ”a transferimi çox yaxşı xatırlayıram. Hər zaman da “Qarabağ”a transferimi xatırlayacam.

- Ağdam klubuna böyük ümidlərlə cəlb edilsən də, tez-tez oynaya bilmirdin. Əsas heyətə düşmək çox çətin idi?
- Bəli, “Qarabağ”da az-az oynayırdım. Həmin vaxtı Rəşad Sadıqov və Bədavi Hüseynov oynayırdı. Azərbaycan millisinin də çox yaxşı oyunçuları idilər. Baş məşqçi də onlara güvənirdi. 12 yeni futbolçu gəlmişdi, çempionatda cəmi 6 legioner oynaya bilirdi. Daha çox hücumda əcnəbilər oynayırdı.

- Bəs, “Qarabağ”a gələndə əsas heyətə düşməyin çətin olacağını bilirdin, yoxsa özünə çox güvənirdin?
- Hər şey bir anda baş verdi. “Qarabağ”a keçidimi nəzərdə tuturam. “Qarabağ” böyük klubdu, transfer məsələsi ortaya çıxanda, heç nə düşünmədim. Mənim üçün yaxşı fürsət idi. “Qarabağ”dan ayrıldıqdan sonra təkliflərim çox idi. “Teplitse”yə keçməyə üstünlük vermişdim, sonradan isə “Kerkira”da oynadım. 

- Az oynadığın oyunlardan hansı anlar daha çox yadında qalıb?
- Az oynasam da, Londonda “Tottenhem”ə qarşı keçirdiyimiz matçı yaxşı xatırlayıram. Səfər matçında 1:3 uduzmuşduq. Doğrudu, meydanda deyildim, tribunadan izləyirdim matçı. Amma atmosfer super idi, çox yaxşı yadımdadır oyun. 

- Əvvəllər Azərbaycanda şimali makedoniyalı futbolçular çox idi. İndi isə 1-2 oyunçu var. Səncə, Azərbaycan klubları şimali makedoniyalı futbolçulara ehtiyac duymur, yoxsa onlar Azərbaycana gəlmək istəmir?
- Bu barədə bir söz deyə bilmərəm. Hər şey baş məşqçi və komandadan asılıdı. Burada hansı ölkədən, milliyyətdən olmağın fərqi yoxdu. Klub və məşqçi oyunçuları izləyir, hansını bəyənirsə, onu da dəvət edir. Agentlər də burada önəmli rol oynayır.

Xəbər xətti