Tərlan Əhmədov: "Futbolçular məşqə çıxmaqdan imtina etmişdi"

18:19 - 1 Aprel 2023

"Bizə dəstək olan bütün fanatlara təşəkkür edirəm. Bu ağır vəziyyətdə bizi ruhlandırdılar. Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Onları təzyiqdə saxladıq. Üç xal bizim üçün çox vacib idi. Doqquz xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadır. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 28-ci turunun "Səbail"lə (1:0) qələbəsindən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Ot örtüyünün durumu barədə fikriniz necədir?

- Əlbəttə ki, oyun keyfiyyəti bir az aşağı idi. Ancaq peşəkarlar üçün problem olmamalıdır. Bəli, meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar.

- Futbolçuların performasnında yüksəliş hiss olunur...

- Ümumi olaraq bütün komanda yüksəlişdədir. Çalışırıq ki, bu vəziyyəti saxlayaq. Hələ ki, heç kimlə danışıq olmayıb. Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Büdcə də bəlli olmalıdır. Bu ilki əməkhaqqı ilə heç bir futbolçu yeni müqavilə imzalamaz. Sponsor, maliyyə məsələləri həll olunandan sonra bu barədə danışmaq olar.

- Bugünkü oyunda Orxan  Sadıqlıya qapını etibar etdiniz. Bunun səbəbi nədir?

- Bizim üç qapıçımız da eyni səviyyədədir. Orxanın oyun praktikasının azalmasını istəmirəm. Buna görə də onu itirə bilmərik. Olar bilər ki, 2-3 turdan bir dəyişiklik etdik.

- Maaşların gecikdiyi deyilir. Bu, həqiqətdir?

- Bu barədə mətbuat xidməti açıqlama verib. Bəli, 2 ayın maaşını almamışıq. Gözləntimiz var. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftə məsələ öz həllini tapmalıdır.

- Növbəti mövsüm bu stadionda oynayacaqsız?

- Məndə belə məlumat yoxdur. Mənim karyeram çətin yerlərdə işləməklə keçib. Son üç gündə yeni salınmış təbii meydançada məşq etdik. Klub rəhbərliyi də çalışır. Biz qarşıdakı 8 turu fikirləşirik. Düşünürəm ki, stadion problemi qısa müddətdə həllini tapar.

- Maaş almayan komanda oyunlara necə fokuslanır?

- Çox çətindir. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər. 

- Klubla müqavilənizi uzadacaqsız?

- Heç bir danışığımız olmayıb. Sırf çempionata köklənmişik. Müqavilədən danışmaq hələ tezdir. Bu gün qalib gələrək Premyer Liqada qalmaq şansımızı artırdıq.

- Millinin oyunlarını necə şərh edərdiz?

- Üzücü məsələdir. Bizim zamanımızda şərait belə deyildi. 50 dollar maaş alırdıq. Bizim təlim-məşq toplanışımz olmurdu. Amma bu gün şərait fərqlidir. Məni üzən başqa məsələdir. Əcnəbi fubolçuların milliləşdirilməsi məni çox məyus edir. Akademiyalarımıza diqqət göstərməliyik. Artıq görürəm ki, mənim illər əvvəl dediyim fikirləri indi digər məşqçilər deyirlər. Akademiyalara kənardan kurator gətirmək lazım deyil. Həmin kuratorlara milyonlar xərclənir. O pulun yarısına başqa ölkələrlə əməkdaşlıq etmək olardı. Heç bir klubda savadlı məşqçilər yoxdur. Bu gün nə "Neftçi"də, nə "Qarabağ"da milli səviyyəsində oyunçu yetişmir. Millimiz legionerlər oyuna çıxıb məğlub olur. Elə onların əvəzinə öz gənclərimizə şans vermək yaxşıdır. Minimum 8 illik proqramla futbolumuzu inkişaf etdirə bilərik. Nazirliklə AFFA-nın əməkdaşlığı olmalıdır. Son 5 oyunda qalib gəldikdə hamımız sevinmişdik. Amma o yığmalarla indiki rəqiblərimizin səviyyəsi eyni deyil. Məşqçilər bunu fikirləşməliydilər. İki oyunda 9 top buraxmaq hamımız üçün üzücüdür.

- Komandanın lider futbolçuları maaşdan əlavə qonorar tələb etmir ki?

- Müqavilədə elə şey yoxdur. Mükafat motivasiya üçündür. Artıq ola bilməz. Ümumi məbləğdir. Əsas heyətdə oynayanlar yüz faiz mükafat alır. Ehtiyatdan girənlər 75 faiz, oynamayanlar isə 50 faiz. Futbol kollektiv oyundur. Elə məsələ dünya praktikasında yoxdur.

- Komanda birinci diviziona düşsə, qalacaqsız?

- AZAL-da olarkən 1,8 milyonluq büdcəni 155 minə endirdilər. Ancaq komandanı tərk etmdim. Bu gün də eyni cür davranaram.

- Futbolçularınızın mili komandaya dəvət olunmamasını necə şərh edərdiz?

- Açığı Fərid Nəbiyevin dəvət olunacağını gözləyirdim. O, "Kəpəz"in lider futbolçularından biridir. Bizdən aşağıda olan klublardan futbolçulara dəvət göndərilirsə, Fərid də çağırılmalı idi. O, özü də üzüntü yaşadı. Zədəli futbolçuları milliyə çağırıb ehtiyatda saxlamaqdansa, Fərid kimi uşaqları dəvət etmək daha yaxşıdır.

- Millidə əcnəbi məşqçinin işləməsinə münasibətiniz necədir?

- İllər əvvəl demişdim ki, klublar yüksək səviyyəyə qalxandan sonra milliyə əcnəbi məşqçi gətirmək olar. Öncə klubların səviyyəsini qaldırmalıyıq. Həmişə demişəm "Neftçi" öz əvvəlki səviyyəsinə qayıdıb söz sahibi olmadıqca millidən danışmaq mənasızdır.

Elçin Əlixan

Xəbər xətti