Düzü, yazıya haradan başlayıb, harada bitirməyi müəyyənləşdirməyin özü belə asan deyil. Çünki illərdir eyni şeylər barədə danışırıq, yazırıq. Amma fikirlərimizin böyük əksəriyyəti elə bil daşa dəyib qayıdır təzədən özümüzə.
10-12 il əvvəl AFFA-nın o vaxtkı baş katibi Elxan Məmmədov "Akademiya" layihəsinə başladı. Federasiyanın maliyyəsi hesabına Premyer Liqa klublarına əcnəbi idman direktorları təyin edildi. Məsələn, "Qarabağ" klubunda çalışan Con Van Leonun təşəbbüsüylə 17 uşaq məşqçisi Niderlanda praktikaya yollandı, "Ayaks" "PSV" kimi klublarda təcrübə keçdilər. Sonralar AFFA-nın "Neftçi"yə təyin etdiyi alman mütəxəssis barədə də xoş sözlər eşitdim. Amma layihə cəmi 1-2 il çəkdi, davamı gəlmədi. Niyə? Çünki AFFA o zaman da məsuliyyəti klubların üzərinə qoymaq istəyirdi. Nəticədə heç nə alınmadı. Halbuki düşüncə olaraq möhtəşəm layihə idi.
Belə görünür ki, AFFA-nın indiki rəhbərliyi də köhnə səhvlərin davamını edir. Biz İnkişaf Strategiyasının icrasını gözləyirik, onlar kosmetik işlərlə məşğuldular. Axı Cahangir Fərəcullayev baş katib təyin olunanda özü deyirdi ki, kosmetik dəyişikliklərlə heç bir nəticə hasil olmayacaq. Bəlkə indi də bunu deyir, amma ürəyində. AFFA rəsmilərinin dilindən tam fərqli ritorikaya şahidlik edirik.
Milli mətbuat günü münasibəti ilə keçirilən tədbirdə söz alan baş katib "Məktəbli Kuboku", "Eyeball" platforması, "Sabahın ulduzları" barədə danışıb. Cahangir bəy "Məktəbli Kuboku"na 30 min şagirdin qatılmasını bir uğur kimi vurğulayıb. Birincisi, məktəblər arasında futbol yarışları hələ sovet dönəmində olub, elə mənim məktəbdə oxuduğum 90-cı illərdə də davam edib. Sonrakı vaxtlarda "Coca Cola" şirkətinin sponsorluğuyla keçirilib, hətta gənc Rəşad Sadıqov məktəblilər arasında turnirin ən yaxşı oyunçusu kimi 1998-ci il Fransadakı mundialı izləməyə gedib. Elə Elxan Məmmədovun dönəmində də həm "Məktəbli Kuboku", həm topçiləmə festivalları, həm də məktəblərdə futbol dərsləri layihələri həyata keçirilib. Cahangir bəy ilk növbədə onun fərqinə varmalıdır ki, 30 min yox, lap 300 min məktəbli futbol turnirində çıxış etsə də, onların arasında yalnız futbolla peşəkar şəkildə məşğul olanlar futbolun qazancıdır. Qalanları sosial layihəyə aid uşaqlardır. Futbol oynayırlar, top çiləyirlər və s. lap yaxşı. Bu, heç bir halda futbolun inkişafı üçün nəzərdə tutulan hadisə kimi qələmə verilə bilməz. Bu, sosial hadisədir.
"Eyeball" platforması da yaxşıdır. Amma bu da birbaşa inkişafa aid deyil. Bu, inkişafı dəstəkləyən platformadır. Yəni yaxşı şərait, məşqçilər və s. şərtlər olmasa, nə "eyeball", nə də bunun kimi hər hansı başqa platforma inkişaf üçün önəmli sayılacaq. "Sabahın ulduzları" şəxsən mənim də maraqla gözlədiyim turnirdi. Amma bu da mahiyyətinə görə turnirdi, futbolçu yetişdirmək üçün layihə deyil.
AFFA-nın yeni Texniki Direktoru Edmond Klaus, millimizin baş məşqçisi Ayxan Abbasov çıxışlarında bütün məsuliyyətin AFFA üzərində olmasını doğru saymayıb, klubları bu işdə daha məsul tərəf kimi təqdim ediblər. Uzun illərdir gedən polemikanın heç bir nəticə verməyən davamı! Qulağa yaxşı gəlir, gurultulu səslənir, amma boş söhbətlərdi. Məsələn, bu gün hər hansı federasiya rəsmisi çıxıb desə ki, "Mançester Siti" İngiltərə, "Real Madrid" İspaniya və ya "Yuventus" İtaliya yığması üçün oyunçu yetişdirməlidir, heç kim ona qulaq asası deyil. Klub üçün bu strategiya ola bilər, amma heç bir halda boynunun borcu yox. Çünki klubun hədəfi nəticə əldə etmək, pul qazanmaqdan ibarətdir. Buna hansı üsulla nail olması klubun daxili strategiyasıdır. Ona görə də, hərə özü üçün uyğun yol seçir.
Bizdə bu bir az fərqli işləyir. Klublar dövlətdən dotasiya alır deyə, federasiya onların qarşısında tələblə çıxış edir. Bu mövsümdən federasiya Premyer Liqa klublarına ayrılan illik 500 min manata nəzarət mexanizmi tətbiq edəcək. Alqışlanasıdır, çünki elə klublar var ki, bu pulu uşaqlara xərcləməyib bu günə qədər. Lakin AFFA bir şeyi dərk etməlidir ki, nə cür nəzarət olsa da, uşaq futbolu yalnız klublarla inkişaf etməyəcək. Səviyyəli akademiya ərsəyə gətirmək üçün infrastruktur şərtlərindən, regiondan asılı olaraq illik 1,5-2 milyon manat vəsaitə ehtiyac var. Amma bu məbləği klublara vermək də ağılsızlıqdır. Çünki həmin pulu akademiyadan kəsib əsas komanda üçün legionerlərə xərcləyəcək böyük əksəriyyəti. Buna görə də, AFFA özü regionlarda akademiyalar açmalıdır. Həm təyinatlar, həm də birbaşa idarəetmə elə federasiya tərəfindən olmalıdır.
Ölkə ərazisində AFFA-nın öz akademiyaları çoxaldıqca, klublara UEFA-nın tələblərinə uyğun olaraq 4 aşağı yaş qrupu üzrə komanda saxlamaq icazəsi verilməli, dövlət tərəfindən ayrılan dotasiya dayandırılmalıdır. O ki qaldı uşaq futbolunda bütün məsuliyyətin AFFA üzərində olub-olmamasına, 30 milyonluq büdcəli, yüzlərlə işçisi olan bir qurum ölkə futbolunda əhəmiyyətli hər bir işə üstlənməkdən çəkinməməli, üzərinə düşəni canla-başla etməlidir.
Emin Abbasov
saytlarin hazirlanmasi
