Dvayt York bildirib ki, "Mançester Yunayted" böyük məbləğ xərcləyəcəyi təqdirdə, bu vəsaiti Ayyoub Bouaddi kimi böyük potensiala malik futbolçuya yatırmalıdır.
Sportal.az xəbər verir ki, sabiq hücumçunun fikrincə, 100 milyon funt-sterlinq dəyərində transfer yalnız dünya səviyyəli oyunçu üçün edilməlidir:
“Əgər bir yarımmüdafiəçiyə 100 milyon funt xərcləyirsənsə, onun Kilian Mbappe səviyyəsində olmasını istəyirsən. Onda bu pulu ödəyəndə nə əldə edəcəyini dəqiq bilirsən. Buaddi məhz belə oyunçudur. Mən bu dünya çempionatında onu diqqətlə izlədim və xüsusilə Braziliyaya qarşı oyunda möhtəşəm təsir bağışladı. O, çox gəncdir və dünyanın ən yaxşı futbolçusuna çevrilmək potensialına malikdir.”
O, əlavə edib ki, hazırda bazarda futbolçuların qiymətləri həddindən artıq şişirdilir:
“Buaddidən başqa heç kimə baxıb ‘bu, 100 milyonluq oyunçudur’ demədim. İndi azacıq yaxşı oynayan hər futbolçuya 100 milyon qiymət qoyurlar. Mən bunu başa düşə bilmirəm.”
York, həmçinin Elliot Anderson və Sandro Tonali kimi oyunçuların keyfiyyətini yüksək qiymətləndirsə də, onların 100 milyon funt sterlinq dəyərində olmadığını vurğulayıb:
“Onlar yaxşı futbolçulardır. Amma 100 milyonluq oyunçu elə biri olmalıdır ki, dünyada heç kimin bacarmadığı işləri görə bilsin.”
saytlarin hazirlanmasi
