Təxminən 13 milyon manat qarşılığında "Seltik"ə keçən Kamilo Duran "Qarabağ" tarixinin ən bahalı satışı olub. Son illərdəki çıxışıyla Avropa klublarının diqqətini çəkən Azərbaycan təmsilçisi bu mənada da ciddi qəbul olunmağa başlayıb və belə görünür ki, qarşıdakı illərdə "Qarabağ"ın qapısını döyənlər çox olacaq.
Qurban Qurbanov hələ ötən mövsümün gedişində deyirdi ki, komandanın əksər üzvlərinə xaricdən təkliflər var. Bu transfer pəncərəsində Toral Bayramov, Leandro Andrade, ardınca da Kamilo Duranı satdılar. Üç futbolçuya görə təxminən 20 milyon manatdan çox qazanc əldə etdilər. Elvin Cəfərquliyevin gedişi hələ də gündəmdədir. Deyəsən, Montieli də satmağa hazırdılar.
İspan futbolçunun təklifləri var idi. Lakin Qurban Qurbanov onu saxlamaq qərarı vermişdi. Belə görünür ki, getməyi ağlına qoyan Montiel hər şeyə ağız büzməyə başlayıb. Gah şəraitdən gileylənib, gah da düzəndən. Nəticədə kollektivdən kənarda qalıb.
Əslində, Yankoviçlə Bikalyo da getmək istəyirdi. Amma Qurban Qurbanov hamını birdən buraxa bilməz ki... Zatən baş verənlərdən belə görünür ki, "Qarabağ" "qan dəyişikliyi"nə gedib. Yeni gələnlər uyğunlaşınca, köhnələrlə bir-bir, mərhələli şəkildə vidalaşacaqlar. Bu proses Duranla duran deyil.
Bir tərəfdən yaxşıdır ki, "Qarabağ" oyunçu satışından ciddi pullar qazanmağa başlayıb. O biri tərəfdən pisdir ki, yolun ortasında çıxıb getmək istəyənlər komandanı pis vəziyyətdə qoyur. Amma reallıq odur ki, "Qarabağ" artıq yeni düzənə uyğunlaşmalıdır. Bu klub hər il 2-3 futbolçu satışı edəcək qədər böyüyüb.
Həmid
saytlarin hazirlanmasi
