Azərbaycan bayrağını təhqir edən erməni futbolçular Laçında saxlanıldı

20:58 - 28 Avqust 2023

Azərbaycan bayrağını təhqir edən üç erməni futbolçu “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Sportal.az "apa.az"a istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edənlər sərhədçilər tərəfindən müvafiq yoxalamalar zamanı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Onların Qarabağdan Ermənistana getmək istədiyi bildirilir.

2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə, KİV-də erməni futbolçularının futbol matçı zamanı Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etmələri barədə videogörüntülər yayılmışdı.

O zaman Azərbaycan Baş Prokurorluğunun bununla bağlı yaydığı açıqlamada Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirdiyi vurğulanmışdı.

Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Xəbər xətti