Şahin Diniyev: "Şəhriyar bizimlədir, Şəhriyar getməyib"

22:24 - 24 Sentyabr 2023

"Səbail" Azərbaycan Premyer Liqasının 7-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Demişdim ki, bizim üçün ən çətin oyun olacaq. Rəqib ağır komandadır. Taktiki sxemi düzgün qurmaq çox çətindir. Oyunun gedişində hər şey dəyişir. İkinci qolu vursaydıq, daha asan olacaqdı. Futbolçularıma təşəkkür edirəm. Ağıllı oynayaraq nəticə qazandılar. Eyforiyaya qapılmamalıyıq. Komandanın oyunu bizə gələcəyə ümidlə baxmağa əsas verir.

- Bu, "Səbail"in ən yaxşı dönəmidir?

- Potensialımız var. Bu gün Pedro, Yusif və Qomis zədəli halda oynayırdı. Tam formada deyillər. Bundan da yaxşı oynaya bilərik. Biz birlikdə güclüyük, bir futbolçudan asılı deyilik.

- Komanda artıq ikinci pillədədir. Zirvədə qalmaq mümkün olacaq?

- Tam əminliklə deyə bilərəm ki, eyforiya yoxdur. Mən buna imkan verməyəcəm. Yuxarı çıxmaq asandır, orada qalmaq çox çətindir. Artıq hər komanda bizi ciddi qəbul edəcək. Bəlkə də kimlərinsə gözləmədiyi yerdəyik. Ərzurumda toplanışda olanda anladım ki, bu futbolçularla nəsə etmək olar. Avrokuboklarda oynamağı söz verməmişəm. Bacardıqca yuxarılarda olmağa çalışacağıq.

- Zədəli futbolçuları oynatdığınıza görə düşünmək olar ki, ehtiyat qüvvə zəifdir. Transfer pəncərəsi bağlıdır. Əvəzedici heyətdən əsas komandaya cəlb etmək istədiyiniz oyunçular var?

- Stabil heyətin varsa, stabil oyunun da olacaq. Stabilliyi qorumağa çalışırıq. Bəli, əvəzedici heyətdən dörd futbolçu götürmüşük. Onları yavaş-yavaş hazırlayırıq. Qələbədən sonra nəyisə dəyişmək istəmirəm. Bir şeyi də demək istəyirəm. Şəhriyar Rəhimovun ölümündən sonra bu komanda çox əziyyət çəkdi. Hər qələbədən sonra düşünürəm ki, kaş o da bunu görərdi. Uğurumuza o qədər sevinərdi ki... Məğlubiyyətlərdən sonra çox əziyyət çəkirdi.

- Şəhriyar Rəhimovun vəfatından sonra komanda məğlub olmayıb...

- Şəhriyarın forması həmişə bizim paltardəyişmə otağında asılır. 13 nömrə oradadır. Şəhriyar bizimlədir, Şəhriyar getməyib. 13 nömrəli forma heç kimə verilməyib.

- Ötən mövsüm çətin idi, yoxsa bu mövsüm?

- 27 ildir məşqçilik fəaliyyətindəyəm. Keçən ilki 5 aylıq fəaliyyətim kimi ağır dönəm olmayıb.

Elçin Əlixan

Xəbər xətti