Yeni rəhbərliyin köhnə yolla getmək niyyəti - AFFA-ya əcnəbilərin yeni axın dalğası planlaşdırılır

18:58 - 30 Aprel 2024

Çoxları əhəmiyyət verməsə də, AFFA-nın son Hesabat-Seçki Konfransında ölkə futboluna əlvida çıxışı eləyən Elxan Məmmədov sətiraltı mesajlarla yeni rəhbərliyin ünvanına da bir neçə söz atdı. Əslində, dediklərinin heç də hamısı yerinə düşmədi. Məsələn, Rövnəq Abdullayevin 16 il əvvəl AFFA-ya prezident seçiləndə və bu postu tərk edəndə eyni qalstukda olmasını qabardan Elxan Məmmədov çox uğursuz ehyam vurdu. Birincisi, Rövnəq Abdullayevin 16 il eyni qalstuku taxması inandırıcı deyil. Kasıb adam belə, gündəlik geyimi 16 il istifadə etmir, o ki qaldı oliqarx Rövnəq Abdullayev. İkincisi, sabiq baş katib Rövnəq Abdullayevdən vəzifəyə bir pencəklə gəlib, eyni pencəklə vəzifəni tərk eləyən məmur obrazı yaratmaq istəyirdisə, bu da çox gülüncdür. 

Lakin Elxan Məmmədovun ismarıclarında həqiqət də var idi. O, çıxışında Rövnəq Abdullayevin AFFA-ya "Neftçi"ni ölkə çempionu və MDB kubokunun qalibi edən klub prezidenti kimi gəldiyini vurğuladı. Məmmədov ardını gətirməsə də, hamı onun Rövnəq Abdullayevin yerinə gələn Rövşən Nəcəfin heç bir uğuru olmadan bu vəzifəyə təyin edilməsinə eyham vurduğunu anladı. 

Ya vəlvələdən, ya zəlzələdən Rövşən Nəcəf artıq AFFA prezidentidir. Gözləntilər böyük olmasa da, ictimaiyyət dəyişikliklərə ümid edir. Yaxşı olacağını düşününlər də var, pisinə köklənənlər də. Rövşən Nəcəfin təyinatına skeptik yanaşan qisim onun da əvvəlkilərə xas təfəkkür sahibi olmasını qabardır. Yəni, Nəcəf də yerli kadrlara yuxarıdan-aşağı baxır, o da əvvəlki rəhbərlik kimi əsas vəzifələrə dost-tanışlarını təyin edir. Rövnəq Abdullayevin atmacasına cavab olaraq, özünü kral hesab etmədiyini deyir. Lakin ona uyğun davranış sərgiləyir. Yerli mütəxəssislərə rəiyyət gözüylə baxır... 

AFFA-da ciddi dəyişikliklər gözlənilir. Elxan Məmmədovun kadrlarını federasiyadan uzaqlaşdırmağa hazırlaşırlar. Amma sevinməyə tələsməyin! Məqsəd islahat aparmaq deyil. Demişdik axı, Rövşən Nəcəfin dəstəsi də əvvəlkilər ağıldadır. Bunlar da AFFA-nın pulunu əcnəbilərə yedirtməkdə maraqlıdılar. Yeni axın planlaşdırılır. AFFA-nı yeni əcnəbilər və yeni rəhbərliyin dost-tanışları dolduracaq. Rövnəq Abdullayev demişkən, "kral öldü, yaşasın yeni kral"! 

Həmid

Xəbər xətti