Şahin Diniyev: "Özümdən sonra iz buraxmaq istəyirəm"

18:58 - 28 Oktyabr 2023

"Səbail" Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. Azarkeşlər çox qol gördülər. Birinci hissə bizim, ikinci hissə "Zirə"nin üstünlüyü oldu. "Zirə" çox yaxşı təşkilatlanmış komandadır, müdafiədə boşluqlar vermir. İlk yarıda bu boşluqları tapa bildik. Daha bir neçə qol epizodumuz oldu, sadəcə bir az məsuliyyətli yanaşmadıq. İkinci yarıda komanda psixoloji baxımdan oturdu və hesabı saxlamağa çalışdı. Futbol da belə şeyləri sevmir. Bəlkə də, 11 oyunda mənim ən xoşuma gəlməyən bugünkü ikinci 45 dəqiqə idi. Futbolçularımdan geridə qalmış 10 oyunda niyə xoşum gəlir? Rəqibin kimliyindən asılı olmayaraq üç xal üçün oynayırıq. Futbolçuların gözləri yanır. Amma bu gün ikinci yarıda onu görmədim. Komanda oturdu və buna görə mütləq cəzalandırılmalıydıq ki, o da oldu. "Zirə"yə uğurlar arzulayıram, Rəşad Sadıqov intizamlı komanda qurub. "Zirə" nə etmək istədiyini bilən komandadır. Bəlkə də, səfərdə liderdən bir xal almaq sevindirici hal ola bilərdi. Amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verən məşqçilərdənəm. O sarıdan ikinci yarı məni çox məyus etdi. İrəli baxmalı, gələcək oyunlara hazırlaşmalıyıq.

- Aleksandr Ramalinqom fərdi oyuna üstünlük verirdi, əlverişli epizodda olan komanda yoldaşına ötürmə vermirdi...

- Razıyam. Paltardəyişmə otağında da ona dedim. Keyfiyyətli futbolçudur, bu gün sanki bir az özünü daha hazırlıqlı hesab edirdi. Çox bacarıqlı hücumçudur. Azərbaycan çempionatında görün nə qədər yaxşı müdafiəçilər var. Bir epizodda sadəlikdən mürəkkəbliyə keçdi. Məncə, gələn oyunlarda belə səhvlər olmayacaq. "Zirə" geridə qalan 11 oyunda heç vaxt iki qol buraxmamışdı. Belə komandaya iki qol vurmaq... İkinci yarı rəqib bizdən daha yaxşı oynadı. Məncə, nəticə oyuna görə oldu.

- Qışa qədər "Səbail" çempionatı ikinci-üçüncü bitirsə, yeni transferlə olacaq?

- Şans olacaqsa, hərəkət edəcəyik.

- Pedro Nunonu niyə əvəzlədiz?

- Pedro topla oynamağı sevən, yaradıc biridir. İkinci hissədə yaradıcılıqda sıfıra düşdük. Bizdə top yox idi. O, qaçmağa başladı və yoruldu. Dəyişdik ki, ortanı bağlayaq. Əfsus ki, topsuz işlədiyi üçün yoruldu.

- Digər klubların məşqçilər gəncdir. Rəqabət hiss edirsiz? Vaxtı ilə rəhbərliyiniz altında oynayıblar.

- Hər birini çox istəyirəm. Böyük hörmətim var, öz işlərini mükəmməl görürlər. Azərbaycan çempionatında tarazlıq yaranmasında onların rolu böyükdür. Komandalarımız taktiki cəhətdən savadlı oynayır. Məşqçi, oyun və maliyyə bir-birilə bağlıdır.

- Sizdə əminlik var ki, "Səbail"in sponsoru sona qədər öhdəliklərini yerinə yetirəcək?

- Bu ilin mayında "Şamaxı" ilə matçımız var idi. Klubun taleyi nazik ipdən asılı idi, yəni son oyundan. Bu klub yox ola bilərdi. Heç kim sənə zəmanət verə bilməz ki, zaman xeyrinə işləyəcək. Yanvarda biləcəksən ki, sən nəyə qadirsən. Əvvəldən iki Ramalinqom gətirib, ilk turda "Sumqayıt"a 1:4 uduzsaydım, heç kim məni başa düşməyəcəkdi. Baxışım budur, bəlkə səhvdir. Mələk deyiləm, günahlarım da var. Amma istəyirəm axşam yatanda rahat olum, bilim ki, heç kimin haqqına girməmişəm. Büdcə var, o demək deyil ki, nə istəyirsən, et. Mən "Səbail"də, futbolumuzda özümdən sonra iz buraxmaq istəyirəm.

- Keçən il demişdiz ki, "Səbail" Premyer Liqada qalacaqa və qaldı. Bu mövsüm nədi istək?

- İstəklə reallıq üst-üstə düşməlidir. Hərdən düşmür. Deyirlər üçdə gedirsən, niyə ikini istəmirsən? Axı reallıqlar var. Demişdim ki, iddialı "Səbail" olacaq, oldu. Hər oyunda qol vururuq. Futbol oynayırıq. Bu gün niyə narazı idim? Dedim arxada oturmayın, qorxaq oynamayın, 0:5, 0:8 uduzun, mən qəbul edəcəm. Qəbələdə pis oynadıq, amma istək var idi. Qol vurduq. Bu gün istədiyimi görmədim, üç xala oynamadıq sanki. Qorxamayaq, futbol oynayaq, camaat gəlir futbola baxmağa. Sən bir saat yerdə uzan qal, o biri hara gəldi vuracaq. Kimə ləzzət verəcək? istəyim yaxşı futboldur.

Mirbağırağa

Xəbər xətti