"Xankəndidə ilk qolu vurmaq mənim üçün unudulmaz olacaq"

16:15 - 22 Dekabr 2023

"Qarşılaşma gərgin və maraqlı keçdi. Burada oynamaq xoş idi. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamaq üçün şərait yaratdığına görə ordumuza təşəkkür edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə Xankəndidə keçirilən oyundan (1:0) sonra jurnalistlərə müsahibəsində deyib.

Matçın 90+5-ci dəqiqəsində fərqlənən 19 yaşlı forvard vurduğu tarixi qol haqda da danışıb. Gənc futbolçu qolunu şəhidlərə həsr etdiyini bildirib: "Çox sevindim. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Vurduğum qolu şəhidlərimizə həsr edirəm".

Axundzadə yenidən Xankəndidə oynamaq istədiklərini də bildirib: "Burada oynamaq mənim üçün xoş oldu. Bizim üçün əlavə motivasiyadır. Xüsusi hisslər idi. Unudulmaz anlar yaşadıq. Bu torpaqlarda ilk qolu vurmaq mənim üçün unudulmaz olacaq".

Xəbər xətti