İspaniyada oynayan azərbaycanlı: "Buradakı liqalarda temp daha yüksəkdir"

14:35 - 6 Yanvar 2024

Azərbaycanlı futbolçu Mustafa Əhmədzadə İspaniya V Liqasında mübarizə aparan "Montanyesa" klubunun şərəfini qoruyur.

20 yaşlı yarımmüdafiəçi Sportal.az saytına açıqlama verib. O, hazırda karyerasının yaxşı getdiyini bildirib:

"2003-cü il təvəllüdəm. Futbola 9 yaşım olanda "İnter" akademiyasında (indiki "Şamaxı") başlamışam. 2018-ci ildə ailəmlə birlikdə Barselona şəhərinə gəlmişəm. Hazırda "Montanyesa" klubunda çıxış edirəm. Karyeram hazırda yaxşılığa doğru gedir. Son bir ildə xeyli inkişaf etmişəm".

Gənc futbolçu oynadığı çempionatın səviyyəsi haqda danışıb. Onun sözlərinə görə İspaniyanın V Liqası Azərbaycan I Liqasından daha üstündür:

"Mən V Liqada çıxış edirəm. Buranın səviyyəsi məncə, Azərbaycan I Liqasından daha yaxşıdır. Bizim çempionatla Azərbaycan futbolu bir-birindən çox fərqlənir. Buradakı liqalarda temp daha yüksəkdir. Futbolçular çox olduğu üçün seçim imkanı da genişdir".

Mustafa Əhmədzadə Azərbaycan Premyer Liqasını izləyir. Futbolçu hazırda ona təkliflərin olmadığını bildirib:

"Bütün oyunları olmasa da, bir çox matçları izləyirəm. Hələ ki, Azərbaycana gəlmək istəmirəm. Çünki, burada qabağa getmək istəyirəm. Açığı, Azərbaycandan heç bir təklifim yoxdur".

Elçin Əlixan


Xəbər xətti