Bölgə klubunun baş məşqçisi: "Təbii ki, komanda yeddinci pillədə qərarlaşıbsa, razı qala bilmərik"

20:21 - 8 Mart 2024

"Təbii ki, komanda yeddinci pillədə qərarlaşıbsa, razı qala bilmərik. Müəyyən çətinliklərimiz, problemlərimiz var idi. O da oyunçuların saylarının az olmasıdır. Məhz bu, bizə əsas problem yaradır. İstədiyimiz transferləri də edə bilmədik, istədiyimiz sayda eyni səviyyədə futbolçular gətirə bilmədik. Rəqabətin böyük olmamasının da təsiri var. Yerli, perspektivli oyunçularımız var. Rəqabətin az olması əsas problemimizdir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Bölgə klubunun çalışdırıcısı Birinci Liqada 7-ci pillədə qərarlaşmaqlarını şərh edib. O, yeni mövsümdən Premyer Liqada 12 komanda olacağı təqdirdə, "Zaqatala"nın yüksək liqaya yüksəlmək şanslarını dəyərləndirib:

"Birinci Liqada üçlükdə olmamağımızın səbəbi? Qələbələr qazana bilməmişik, yersiz xal itkilərimiz olub. İkinci dövrədə də ən azından ikisində qalib gəlməliydik. Amma ikinci dövrədə oyunumuz daha yaxşı alınır. Heyətimiz komplektləşib. Amma qələbə üçün ustalığın daha çox olması vacibdir. Həlledici məqamlar var ki, hücumçularda da soyuqqanlılıq lazım gəlir. Qol buraxırıqsa, demək ki, müdafiə mövqeyində də ustalıq səviyyəsi istədiyimiz kimi deyil. Çox asanlıqla, yersiz qollar buraxırıq. Komandada perspektivli gənclər yer alıb. Onların özü üçün bu oyunlarda səhvlərini görüb, onların üzərində işləmələri çox xeyirlidirş Lakin klub üçün o qədər də yaxşı hal deyil. Premyer Liqada 12 komada olması barədə isə məlumatım yoxdur. Bu bizə aid olmayan məsələdir. İkinci dövrə yeni başlayıb, nəsə demək çox tezdir".

Məmmədov, Birinci Liqada əvvəlki illərdəki mübarizə ilə indikini də müqayisə edib: "Əvvəlki illə indiki arasında çox fərq var. Əvvəl limitlərə görə gənclərlə təcrübəli futbolçuların miksi yaranırdı. Onun da özünün üstün və mənfi tərəfləri var idi. İndi isə oyunçu qıtlığı yaşayırıq. Vaxtı ilə limitlə bağlı bir çox təcrübəlilər futboldan uzaqlaşdı. Gənc oyunçular maliyyəni o qədər də çox fikirləşmir, az məbləğə də gəlib oynayırlar. Ancaq bir az təcrübəli futbolçuları komandaya cəlb etmək çətindir. Maaşlarının daha yüksək olmasını tələb edirlər. Bu da normaldır, ailələrini dolandırırlar. Gələcəkdə hansısa işin görülməsi üçün məbləğ lazımdır. Müəyyən komandalar var ki, hamıdan tez hərəkət edib, bütün oyunçuları yığa biliblər. Yaxşı oyunçular götürüblər. “Şamaxı”, “İmişli", MOİK, "Qaradağ Lökbatan"ın heyəti daha genişdir, daha təcrübəlilər var. Onlar üçün daha rahat, bizim üçün daha çətindir. Bizdə o qədər seçim yoxdur. Əlimizdə 12-13 təcrübəli oyunçular var. Onlardan hansısa zədələnsə, cəzalı duruma düşsə, oyun planımız pozulur".

Sonda isə, "Zaqatala"nın çalışdırıcısı klubda maliyyə probleminin olmadığını söyləyib:

"Klubdakı maliyyə durumu normaldır. Ciddi problemimiz yoxdur. Mövsümün əvvəlindən klub rəhbərliyi bu məsələ ilə bağlı əlindən gələni edirdi ki, hər şey yerbəyer olsun. Heç bir problemimiz yoxdur. Zaqatala Olimpiya İdman Kompleksinin rəhbərliyi ilə danışıq zamanı müəyyən çətinliklər var idi. Lakin sponsorun gəlişindən sonra çətinliklər də aradan götürülüb. Normal qaydada işimiz gedir. Məşqçilərə böyük maliyyə artımı təklif olunmayıb ki, hansısa 3-5 futbolçu gətirək. Əlimizdə olan şəraitlə heç bir problem yaşamamışıq".

Mirbağırağa
 

Xəbər xətti