"Renduliç əsl peşəkardır, Bosniya və Herseqovinada heç kimin edə bilmədiyini etmişdi"

17:34 - 10 Mart 2024

Azərbaycanda oynamış ilk xorvatiyalı legioner Tomislav Vişeviç Sportal.az saytına açıqlama verib.

"Neftçi" və "Olimpik"(Şüvəlan) klublarının sabiq futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Vişeviç "Sabah"a yeni baş məşqçi təyin edilən Krunoslav Renduliç haqda danışıb. 

O, həmyerlisi barədə xoş fikirlər səsləndirib: "Krunoslavı yaxşı tanıyıram, necə məşqçi olmasına da bələdəm. "Sabah"a baş məşqçi təyin olunmasına görə onu təbrik edirəm. Ona uğurlar arzulayıram. Renduliç çox yaxşı mütəxəssis və əsl peşəkardır. Məşqçilik karyerasına Xorvatiyada başladı, sonra Bosniya və Herseqovinaya yollandı. "Jrinski Mostar"da tarixi uğura imza atdı. Ona qədər heç bir məşqçi Bosniya klubunu avrokuboklarda qruplara qədər apara bilməmişdi. Heç kimin edə bilmədiyini etmişdi. Yəni, Renduliç bacarıqlı mütəxəssis olduğunu göstərdi. Hücum futboluna daha çox üstünlük verir. Ümidvaram ki, "Sabah"dakı karyerası uğurlu alınacaq".

Mirbağırağa

Xəbər xətti