"İnanmıram ki, qarşıdakı matçlar Arif Əsədovun baş məşqçi postunda qalmasına təsir etsin"

12:46 - 21 Mart 2024

"Milli üçün yoldaşlıq görüşləri nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yoxlama oyunları hər zaman lazımdır. Hər halda, millinin məşqçilər korpusu futbolçuların vəziyyətinə baxır, onlarla işləyir. Bu mənada, yoldaşlıq matçları vacibdir. Sadəcə, Monqolustanla oyun bizə nə verəcək, bilmirəm. Bu ölkə haqda məlumatım var. Amma Monqolustanın oyununu görməmişəm. Necə komanda olduğunu bilmirəm. Nə qədər bizdən güclü rəqiblərlə oynasaq, millimiz üçün o qədər yaxşıdır. AFFA yəqin ki, nəsə bilir deyə, Monqolustan və Bolqarıstanla oyunlar təşkil edib. Rəqiblər daha güclü olsaydı, yaxşı idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib. Yığmamızın keçmiş üzvü Arif Əsədovun müvəqqəti olaraq baş məşqçi təyin edilməsinə də münasibət bildirib: "İnanmıram ki, bu oyunlar qərara təsir etsin, dəyişiklik olsun və Arif Əsədovu baş məşqçi postunda saxlasınlar. Həmişə demişəm, yenə deyirəm ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır. Lakin inanmıram ki, bu iki oyundan sonra nəticədə asılı olaraq, Arif Əsədovu baş məşqçi postunda saxlasınlar. Çox güman ki, baş məşqçi başqası, özü də xaricə olacaq".

Əmirquliyev, Azərbaycan millisinin üzvlərinin legioner həyatı yaşaması barədə isə bunları deyib: "Təbii ki, futbolçularımızın xaricdə oynaması sevindirici haldır. Bunun milli komandamızın oyunlarına da təsiri olacaq. Yerli oyunçularımız xaricə nə qədər çox çıxarsa, milli üçün faydalıdır. Məşqçilər korpusu üçün də futbolçu seçimi geniş olacaq. Amma hücumçularımızın klublarında oynamaması da yaxşı hal deyil. Həm onların özünün, həm də millinin oyunlarına təsir edəcək amildir. İstəyərdim ki, Musa Qurbanlı, Renat Dadaşov klublarında daim oynasınlar, milliyə fayda versinlər. Onlar futbolumuzun gələcəyidir. Ramil Şeydayevin komandası uduza bilər. Lakin ən azından Şeydayevin oyun praktikası var. Musa və Renatın oynamaması, özləri, həm də milli üçün yaxşı hal deyil".

Mirbağırağa

Xəbər xətti