Türkiyəli sabiq baş məşqçi: "AFFA-nın Santuşa 3 milyon verməsi günah deyilmi?" - MÜSAHİBƏ

17:09 - 4 İyul 2025

"Qəbələ" Futbol Akademiyasının sabiq baş məşqçisi Halim Fıçıcı Teleqraf-a müsahibə verib.

Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis akademiyanın fəaliyyətinin məhdudlaşdırılması, özünün çalışdığı dönəmlərdə əldə etdikləri nailiyyətlərdən danışıb və AFFA-nı məsələyə müdaxilə etməməkdə günahlandırıb:

"Elxan Məmmədovla dava-dalaşda idim"

- Sizcə, "Qəbələ" klubunun və akademiyasının belə vəziyyətə düşməsinə səbəb nə oldu?

- Bunu mən deyə bilmərəm, klub rəhbərliyindən soruşmaq lazımdır. Özüm 2020-ci ildə başlanan koronavirus pandemiyasından sonra Türkiyəyə getmişəm və Azərbaycana qayıtmamışam. Bizim dönəmimizdə büdcə elə də azalmamışdı. Azalma pandemiyadan sonra baş verdi. Həmin vaxt liqalarda yarışlar dayandırıldı, akademiyanın fəaliyyətinə ara verildi. Bu, bir ilədək davam etdi. Ondan sonra da mən "Qəbələ"yə qayıtmadım. Bu məsələdə mən cavab verə bilmərəm. Pulu verən onlardır.

- AFFA-nın yeni rəhbərliyi Belçika şirkətinə İnkişaf Strategiyası yazdırıb. Bu strategiya uşaq futbolundan tutmuş milli komandayadək inkişafı nəzərdə tutur. Hətta FIFA reytinqində 75-ci yer hədəfi də qarşıya qoyulub...

- (gülür - red.) Allah eşqinə, bu olay məntiqlidirmi? İsti və soyuq yerlərdə qapalı meydançalar salınmalı, orada 12 ay futbol oynanılmalıdır. Bundan ötrü milyonlar xərcləyərək, strategiya yazdırmağa da gərək yoxdur. Nə strategiya? Bundansa akademiyaları çoxaltsınlar, rəqabət mühitini, uşaq futbolçuların yetişməsini təmin etsinlər. Bunları hərtərəfli izah etsəm, 10 səhifə tutar. Yalandan rayonlarda uşaq liqalarının oyunlarını keçirərək, bilmirəm, nələrsə edərək, futbolun inkişaf edəcəyinimi düşünürlər? Rəqabət mühiti yox idi. O qədər şeylər yaşadım ki... Zona yarışları "Qəbələ"nin meydançalarında keçirilirdi. Nələr görürdük? Məşqçi komandasını gətirirdi, uşaqların əyinlərində formaları, qış günündə ayaqqabıları yox idi, biz verirdik. AFFA sadəcə, uşaqları yarışa gətirdiyi üçün məşqçiyə 200 manat maaş verirdi. Bununla çempionat keçirdikləri görüntüsünü yaradırdılar. Bunların hamısını görsəm də, əlimizdən bir şey gəlmirdi. İnamım itmişdi.

- "Qəbələ" Futbol Akademiyasındakı dönəminizi necə xatırlayırsınız?

- Biz o dönəmlərdə Azərbaycanın ən istedadlı futbolçularını toplamışdıq. Mən vaxtilə "Qalatasaray"da çalışmış, Arda Turanın məşqçisi olaraq, deyə bilərəm ki, biz onları rəqabət ab-havasında yetişdirirdik. "Fənərbağça", "Beşiktaş", "Trabzonspor" kimi güclü komandalarla, xaricdə keçirilən turnirlərdə oynayırdılar. Buna görə də türk futbolçular inkişaf etdilər. Hazırda isə "Qalatasaray"ı tənqid edirlər ki, 5 ildir futbolçu yetişdirmirlər. Səbəbi rəqabət mühitinin olmamasıdır. Bunu təmin etməsən, futbolçular yetişməz. Bu məsələdə Tale Heydərov çox böyük fədakarlıq etmişdi. Hər komandanı ən azı 5 dəfə beynəlxalq turnirlərə aparırdıq. Bizim uşaqlar yalnız xaricdə turnirlərə qatıldıqları vaxt rəqabət ab-havasına girirdilər. Hər mövsüm 5-6 komandamız çempion olurdu. Amma futbolçu yetişdirə bilmədikdən sonra bu çempionluq nəyə yarayırdı? Turnirlərə getməsələr, rəqabət mühitində olmasalar, necə inkişaf edə, milli komandaların heyətlərində beynəlxalq oyunlarda çıxış edə bilərlər? AFFA-nın işi nədir? İnanın, daim AFFA ilə, qurumun sabiq baş katibi Elxan Məmmədovla dava-dalaşda idim. Ona çətinliklə də olsa, bəzi şeyləri elətdirirdik. Amma indiki rəhbərliyin baxış bucağının nədən ibarət olduğunu bilmirəm.

"Orada futbolun inkişafını heç kim istəmir"

- Azərbaycanda da turnirlər keçirirdiniz...

- Bəli. Qəbələyə "Barselona"nın uşaq komandasını gətirmişdik. Türkiyədən "Qalatasaray", "Beşiktaş" gəlmişdi. Amma indi kimə nə anlatmaq olar?

- Niyə "Qəbələ" Futbol Akademiyasında yetişən oyunçular legioner həyatı yaşaya bilmədilər?

- Çünki rəqabət mühiti yox idi. Adam burada özünü yetərli hesab edirdi. Azərbaycanda yaxşı pul qazanırdılar. Xaricdə oyunlarının alınıb-alınmayacağı riskli idi. Məsələn, biz Fərid Nəbiyevi Çexiyaya göndərmişdik. Lakin o da bir müddət sonra Azərbaycana qayıtdı.

- Lakin "Bakı" Futbol Akademiyasının yetirməsi Mahir Emreli bir müddətdir Avropada legioner həyatı yaşayır...

- Bir güllə bahar olmaz. Önəmli məsələ budur: ondan 50-si, 100-ü olsun. Buna da rəqabət mühitində nail olmaq mümkündür. Nəticədə milli komanda da uğur qazanacaq. AFFA-nın atacağı addım akademiya sayını artırmaq və istedadlı oyunçuların daha da çoxalmasını təmin etməkdir. "Qəbələ" klubunun akademiyası olmasaydı, I Liqanın çempionu ola bilərdi? Şahin Şahniyarov parlayaraq, əsas milliyə getdi. O komandada hazırda akademiyanın 13 yetirməsi var. Azərbaycanlı uşaq futbolçuların istedadlı olduqlarını bilirəm. Sadəcə, AFFA akademiya sayını çoxaltsa və rəqabət mühitini təmin etsə, beynəlxalq səviyyəli oyunçular yetişdirəcək.

- AFFA özünün olmayan stadionlara və akademiyalara vəsait ayırmaq istəmir. Bu, nə dərəcədə düzgündür?

- Məgər istedadlı azərbaycanlı oyunçuların yetişdirilməsinə pul xərcləməli deyillər? Qoysun ora bir rəhbər şəxs, ayrılan pula nəzarət etsin. Son nəticədə pulu Azərbaycan futboluna xərclənmirmi? AFFA Premyer Liqa klublarına pul vermir? Kluba da pul versinlər, akademiyaya da. Amma ortaya normal bir akademiya qoysunlar. Bizim dövrümüzdəki kimi, bir neçə akademiya yaratsınlar. "Sabah", "Qarabağ", "Neftçi" kimi klublar üçün akademiya qurmalısan. Orada futbolun inkişafını heç kim istəmir. Hər şey yalan-dolandır.

"Fernandu Santuşun Azərbaycan millisində nə işi var?"

- Sizcə, "Qəbələ" Futbol Akademiyasının hazırkı vəziyyətə düşməsində klubun özününün hər hansı məsuliyyəti varmı?

- İnanın, akademiya indiyədək də davam etməyə bilərdi. Məncə, sonuna qədər dirənc göstərdilər, savaşdılar. Amma maddiyyat olmadan, iş irəli gedə bilməz. Klub prezidenti Fariz Nəcəfov yalançı akademiya qurmaq istəməz. İstedadsız futbolçularla oynamaq heç nəyə yaramaz. O cür bazaya heyflər olsun! İnanmıram ki, AFFA ora pul qoysun. Amma futbolun inkişafını istəyirsə, bunu etməlidir. Akademiya da normal olmalıdır. "Qarabağ", "Neftçi", "Turan Tovuz", "Kəpəz", "Mingəçevir, "İmişli", "Zaqatala"nın akademiyaları yaradılmalıdır. Niyə də yaradılmasın?! Anlamıram, AFFA-nın işi nədir?

- "Qəbələ"də birgə çalışdığınız Nail Kərimovun hazırda "Qarabağ"da işlədiyini bilirsiniz. Onunla münasibətiniz necədir?

- Nail bəy bizimlə ilk gündən bərabər olan dostumuzdur. Ayda iki dəfə bir saatadək telefonla danışırıq. O, iş tərzini də yaxşı bilir. Məncə, "Qarabağ" uşaq futbolu sarıdan da çox uğurlu olacaq.

- Sizcə, AFFA-nın yeni rəhbərliyi Azərbaycan futbolunda nəyisə dəyişə bilibmi?

- Heç bir şeyi dəyişə bilməyiblər və bilməzlər! Bu iş strategiya yazdırmaqla olmaz. İcraat önəmlidir. Elə stadionlar var ki, meydançası, paltardəyişmə otağı, sanitar qovşağı pis vəziyyətdədir. Biz bunu Bayıl stadionunda görmüşdük. Amma sonradan orada hər şey yoluna qoyuldu. Yəni, vəsait ağılla sərf olunduqda çox gözəl şeylər ortaya çıxa bilər. Amma bu ağılla nələrinsə ediləcəyinə inanmıram. Fernandu Santuşun Azərbaycan millisində nə işi var? Ona nə qədər pul verirlər?

- Deyilənlərə görə, ildə 3 milyon avro...

- Bu qədər maaş vermək günah deyilmi? Bu pula bir akademiya yaşatmaq olar.

- Amma belə söz-söhbətlər var ki, Santuş "Beşiktaş"dan qovulduğu üçün təzminat vermək əvəzinə Azərbaycan millisinə baş məşqçi təyin olunub. Pulu isə Yıdırım Dəmirörənə məxsus sponsor şirkət vasitəsilə ödənilir...

- (gülür - red.). Əslində danışılacaq çox məsələ var. Azərbaycan futbolunun o qədər problemini bilirəm ki... O dönəmlərdə iynə ucu qədər yerlərə gedib çıxdım. Futbolu Qəbələdə yayğınlaşdırmağa çalışdıq. İndi o rayonda futbol sevilir. Uşaqlar futbol oynamağa çalışırlar. Halbuki əvvəllər bu, heç yox idi. Yəni, nə isə yarada bildik. Amma yaratmaq çox çətin, öldürmək isə çox asandır. Onlar öldürmək istəyirlər. Üzüldüyüm məsələ budur. Yəqin ki, Nail qardaşım da buna çox üzülür. Çünki oralarda biz çox əziyyətlər çəkmişdik.

Xəbər xətti