"Star Cup Azerbaijan - Ulduzlar Liqası" turnirinin üçüncülük və final matçları keçirilib.
Sportal.az xəbər verir ki, ilk olaraq qum üzərinə "Mahal" və "Qardaşlar" komandaları çıxıblar. 5:3 hesabıyla qalib gələn "Mahal" turnirin bürünc medallarını boynundan asıb.
Həlledici qarşılaşmada isə dünya və Avropa çempionlarından ibarət "Platinum"la idman jurnalistlərindən formalaşan "Yazanlar" komandaları üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada "Yazanlar" 3:2 hesablı qələbəni bayram edərək, kuboka sahib çıxıb. Bu qalibiyyət həm də 2 iyul Beynəlxalq İdman Jurnalistləri Gününə təsadüf edib.
Ardınca oyunçuların individual şəkildə mükafatlandırılma mərasimi baş tutub. Belə ki, turnirin ən yaxşı oyunçusu dəfələrlə güləş üzrə dünya və Avropa çempionu olmuş, Olimpiya mükafatçısı Rafiq Hüseynov seçilib. Ən yaxşı qapıçı nominasiyasında Anar Məhərrəmov mükafatına qovuşub. Yarışın feyr-pley mükafatı isə "Mahal" komandasının üzvü Mərdan Kazımova təqdim edilib.
Daha sonra isə qalib komanda - "Yazanlar" mükafatlandırılıb. Qaliblərə kubok və medalları millət vəkilləri - Razi Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Cəfərov və veteran futbolçu Mahmud Qurbanov təqdim ediblər.
Oyunlar Bakı Su İdmanı Sarayının ərazisindəki Avropa İdman Oyunları Kompleksinin çimərlik futbolu meydanında keçirilib.
saytlarin hazirlanmasi